Səssiz dalğa Yunanıstanı bürüyür - Qərbi Nil virusundan 319 yoluxma
Yunanıstan son illərin ən ciddi Qərbi Nil qızdırması yayılması ilə üzləşib.
TodayPress TV xəbər verir ki, bu barədə Oksford Universitetinin immunologiya professoru Petros Liqoksigakis "ANA-MPA" agentliyinə açıqlamasında bildirib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) son məlumatına görə, ölkənin 21 bölgəsində Qərbi Nil virusuna 319 yoluxma halı aşkarlanıb.
Professorun sözlərinə görə, xəstəlik nəticəsində ölənlərin sayı artıq ikirəqəmli həddə çatıb. 200-dən çox insanın mərkəzi sinir sistemi zədələnib. Liqoksigakis hesab edir ki, qeydə alınan hallar problemin yalnız kiçik hissəsidir. Onun sözlərinə görə, yoluxmaların təxminən 80 faizi heç bir əlamət olmadan keçir.
Alim xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlərin ilk yoluxma halı ortaya çıxmazdan bir neçə ay əvvəl başlanmasının vacib olduğunu bildirib. Bunun üçün virusu daşıyan ağcaqanadların çoxaldığı ərazilər əvvəlcədən müəyyən edilməlidir. Professor qeyd edib ki, yalnız ərazilərin dərmanlanması kifayət deyil. Ağcaqanadların sayı və onların çoxaldığı yerlər mütəmadi izlənilməlidir.
Liqoksigakis, həmçinin Yunanıstanda virusun artıq daimi xarakter alıb-almadığını müəyyənləşdirmək üçün epidemioloji araşdırmalar aparılmasını təklif edib.
Qeyd edək ki, Qərbi Nil qızdırması virusun yaratdığı yoluxucu xəstəlikdir. Virus, əsasən ağcaqanadların dişləməsi ilə insanlara keçir. Xəstəliyin əsas daşıyıcıları ağcaqanadlar, virusun təbii mənbələri isə əsasən quşlar və gəmiricilərdir.
Aysel Mətləb