Rusiya donanması İndoneziyada birgə təlimlərə başlayır

Dünya

30.03.2026 10:05

Rusiya Sakit Okean Donanmasının gəmi dəstəsi martın 29-da Cakartadakı Tanjung Priok limanına lövbər salıb.  

TodayPress TV "Antara News" a istinadən xəbər verir ki, hərbçilər İndoneziya Hərbi Dəniz Qüvvələri (TNI-AL) ilə birgə təlimlər keçirəcəklər. 

Məlumata görə, dəstəyə “Qromkiy” korveti, B-274 “Petropavlovsk-Kamçatski” sualtı qayığı və “Andrey Stepanov” yedək gəmisi daxildir. 

Gəmilərin qarşılanma mərasimində hər iki tərəf Asiya-Sakit Okean regionunda sülh və sabitliyin qorunması üçün qarşılıqlı səylərə sadiq olduqlarını bir daha vurğulayıblar.

Təlim planına manevrlər və rabitə üzrə qarşılıqlı dəstək daxildir. Təlimlərdən əvvəl Rusiya gəmilərinin komandirləri və heyət üzvləri indoneziyalı həmkarları ilə işgüzar görüşlər, rəsmi tədbirlər və idman yarışları keçirməyi planlaşdırırlar.

Qeyd edilib ki, martın 31-də Rusiya hərbi gəmiləri ziyarətçilər üçün açıq olacaq, lakin giriş üçün əvvəlcədən qeydiyyat tələb ediləcək. 

Xatırladaq ki, iki ölkə arasında son birgə təlimlər 2025-ci ilin may ayında keçirilib. Həmin vaxt Rusiya tərəfini “Aldar Tsidenjapov” və “Rezkiy” korvetləri, eləcə də “Peçenqa” tankeri təmsil edirdi. Bu gəmilər, həmçinin, 2025-ci ilin fevralında Bali adasında keçirilən beşinci “Komodo” çoxtərəfli dəniz təlimində iştirak ediblər.

Jalə Rövşən 

TodayPress TV

tag: Rusiya ,İndoneziya ,Donanma ,Təlim ,Todaypress.tv,