Paşinyan yenidən baş nazirliyə namizəd oldu

Dünya

30.03.2026 11:12

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının onu 7 iyunda keçiriləcək parlament seçkilərində hökumət başçısı vəzifəsinə namizəd göstərdiyini açıqlayıb.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan açıqlamasında partiyadaxili seçkilərin hər iki mərhələsinin yekunlaşdığını  və nəticələrin rəsmən təsdiqləndiyini bildirib.

Məlumata görə, o, səsvermənin təşkilinə görə say komissiyasının sədri, parlament sədrinin müavini Hakob Arşakyana təşəkkürünü bildirib.

Baş nazir partiya üzvlərinə etimada görə minnətdarlığını ifadə edərək deyib: “Mənə yenidən güvəndiklərinə və baş nazirliyə namizəd kimi partiyanın proporsional seçki siyahısına rəhbərlik etmək imkanı verdiklərinə görə partiya yoldaşlarıma təşəkkür edirəm”.

Qeyd edilib ki, ilkin səsvermənin nəticələrinə əsasən, Paşinyan 933 səs toplayıb. Xarici işlər naziri Ararat Mirzoyan 853, müdafiə naziri Suren Papikyan 842, iqtisadiyyat naziri Gevorq Papoyan 806, parlament sədrinin müavini Ruben Rubinyan isə 782 səs əldə edib. İlk onluqda daha sonra səhiyyə naziri Anahit Avanesyan (780), deputat Vahaqn Aleksanyan (777), hökumət aparatının rəhbəri Raki Harutyunyan (766), parlament fraksiyasının rəhbəri Hayk Koncoryan (747) və əmək və sosial məsələlər naziri Arsen Torosyan (745) qərarlaşıb.

Həmçinin vurğulanıb  ki, partiyanın proporsional seçki siyahısı səsvermənin nəticələrinə əsasən formalaşdırılacaq və siyahıda qadınların təmsilçiliyi daha yüksək olmalıdır (dörd yerdən ən azı biri qadın namizədə ayrılmalıdır).

Jalə Rövşən 

TodayPress TV

tag: Nikol Paşinyan ,Ermənistan ,Seçki ,Parlament ,Todaypress.tv,