Paşinyan Moskvaya getməzdən əvvəl mesajını verdi: “Əvvəlki kimi deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Moskva arasındakı münasibətlərdə yeni mərhələnin başladığını bildirib.
TodayPress TV xəbər verir ki, Paşinyan Ermənistanın milli internet televiziyasına müsahibəsində iki ölkə arasında əməkdaşlıq formatının dəyişdiyini deyib.
“Ermənistanda sülh atmosferi qorunduğu müddətdə Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi qala bilməz. Çünki münaqişə şəraitində Ermənistan-Rusiya münasibətləri bir şeydir, sülh şəraitində Ermənistan-Rusiya münasibətləri isə tamam başqa məsələdir”, – deyə Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı Moskvada yalnız Rusiyanın maraqlarına uyğun əməkdaşlıq formatını dəstəkləyən müəyyən qüvvələrin ola biləcəyini də istisna etməyib.
Rusiyaya planlaşdırılan səfərinə toxunan Paşinyan gündəlikdə bütün aktual məsələlərin olduğunu bildirib. O, xüsusilə dəmir yolu infrastrukturunun inkişafı və mövcud problemlərlə bağlı həll yollarının müzakirə ediləcəyini qeyd edib.
Kübra Musayeva