Korrupsiya bataqlığında olan Avropa Parlamenti Azərbaycandan nə istəyir?
Dövlət başçısı İlham Əliyev sentyabrın 15-də dini liderlərlə görüşündə Avropa Parlamentini sərt şəkildə tənqid etdi və dedi:
“Avropa Parlamenti korrupsionerlər yuvasıdır. Mən bunu tam məsuliyyətlə deyirəm: Avropa Parlamenti korrupsionerlər yuvasıdır".
Xatırlayırıq ki, 2022-ci ilin dekabrında Belçikada aparılan istintaq çərçivəsində Avropa Parlamenti ilə əlaqəli şəxslər korrupsiya, çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak şübhələri ilə saxlanılmışdı. Parlament özü həmin hadisəni “korrupsiya qalmaqalı” adlandırmışdı. Qalmaqalın ən səs-küylü siması isə Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili olmuşdu. Belçika istintaqı fonunda onun vəzifəsinə xitam verilməsi ilə bağlı qərar 625 səslə qəbul edilmişdi. İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycana qarşı bəzi Avropa siyasi dairələrində formalaşmış münasibət obyektiv reallıqlarla deyil, siyasi yanaşmalarla müəyyənləşir.
Bəs niyə Azərbaycan? Avropa Parlamenti başqa ölkələrlə müqayisədə daha çox bizi niyə hədəf alır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, Prezidentin fikirləri əsaslıdır və faktlara söykənir. Onun Avropa Parlamentini “korrupsiya və rüşvətxor yuvası” adlandırması haqlı ittihamdır:
“Təəssüf ki, bu cür neqativ hallar yalnız Avropa Parlamentinə xas deyil. Bir sıra Qərb institutları, hətta bəzi media orqanları da eyni çirkabın və korrupsiyanın təsiri altına düşüb. Son dövrlərdə Azərbaycana qarşı bu qurumların qərəzli və qeyri-obyektiv yanaşması artıq sistemli xarakter alıb.
Bunun əsas səbəblərini cənab Prezident elə həmin çıxışında vurğuladı: Azərbaycanın potensialının artması, güclənməsi və dünya siyasətində mühüm aktora çevrilməsi. Azərbaycanın qurub-yaratması, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Avropa Parlamentini və bəzi siyasi dairələri ciddi şəkildə narahat edir”.
Analitikin sözlərinə görə, bütün bu cəhdlər nəticəsizdir. Bakı ilə təzyiq dili ilə danışmaq mümkün deyil.
“Korrupsiya və rüşvət iddiaları ilə gündəmə gələn Avropa Parlamentinin isə heç bir halda başqalarına, o cümlədən Azərbaycana irad bildirmək haqqı yoxdur”, - deyə Ə.Orucov fikrini yekunlaşdırıb.
Qiymət Mahir