Paşinyan: "Ermənistan TRIPP layihəsini təxirə salmayacaq"

Dünya

11.03.2026 17:57

"Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsini təxirə salmaqla bağlı niyyəti və səbəbi yoxdur".

TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

Baş nazir layihənin ölkənin qısa, orta və uzunmüddətli məqsədlərinə tam uyğun olduğunu və respublikanın ərazi bütövlüyünə zərər vurmadığını vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan Kornidzor-Qoris-Yeğeqnadzor-Yerask marşrutu üzrə Azərbaycan və Türkiyə arasında, eləcə də Azərbaycanın şərq bölgələri ilə Naxçıvan arasında tranzit təmin etməyə hazırdır. Lakin, Bakı və Ankara bu təklifi hələlik qəbul etməyib, çünki bu, TRIPP layihəsinə təsir göstərə bilər.

O bildirib ki, bu təklif TRIPP layihəsini gecikdirmək və ya mane olmaq məqsədini daşımır. Məqsəd Ermənistan məhsullarının çatdırılmasını təmin etməkdir. O, həmçinin Gürcüstanın Baş nazirinə bu prosesi dəstəklədiyi üçün təşəkkür edib və ümid edib ki, Azərbaycanla Gürcüstan arasındakı dəmir yolu əlaqəsi də Ermənistan ixracatı üçün istifadə olunacaq.

"Naxçıvan üzərindən dəmir yolu xidmətinin bərpası vacibdir, çünki dağlıq ərazi ölkənin cənubu ilə şimalı arasında başqa alternativ yol yaratmağa imkan vermir. Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması hər iki tərəfin maraqlarına xidmət edə bilər və gələcəkdə Azərbaycan Ermənistan ixracatı üçün əhəmiyyətli məkana çevrilə bilər".

Xatırladaq ki, 8 avqust 2025-ci ildə ABŞ, Ermənistan və Azərbaycan liderləri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli üzrə birgə bəyannamə imzalayıblar. ABŞ Prezidenti TRIPP çərçivəsində marşrutun inkişafı üçün Ermənistanın eksklüziv hüquqlar əldə edəcəyini və Azərbaycan-Naxçıvan quru əlaqəsinin qurulacağını açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,TRIPP,Azərbaycan,Naxçıvan,Todaypress.tv,