Paşinyan Aİ-yə inteqrasiyada əsas maneəni açıqladı
Dünya
11.03.2026 17:56
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına inteqrasiyası yolunda əsas maneənin Aİ ilə Gürcüstan arasında dialoqun dondurulması olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə Strasburqda Avropa Parlamentində çıxışı zamanı danışıb.
Baş nazir qeyd edib ki, Gürcüstan Ermənistan üçün həm coğrafi, həm də siyasi baxımdan Avropa İttifaqına aparan yol hesab olunur.
Paşinyan xatırladıb ki, Gürcüstan Aİ-yə üzvlük üçün namizəd statusu aldıqdan sonra Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Onun sözlərinə görə, bu addım Ermənistan üçün Avropa perspektivlərini daha real edib.
“Biz Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv dialoqun bərpa olunacağını gözləyirik. Bu, həm Gürcüstan, həm də Ermənistan üçün vacibdir”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, Ermənistan qanunvericiliyini və standartlarını Avropa normalarına uyğunlaşdırmaq istiqamətində işi davam etdirəcək.
“Əgər bundan sonra Avropa İttifaqı Ermənistanı tamhüquqlu üzv kimi qəbul etsə, bu yaxşı olacaq. Əgər etməsə belə, ölkə öz standartlarını yüksəltməklə yenə də qazanacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına üzvlük üçün namizəd statusu alıb. Lakin Tbilisi ilə Brüssel arasında dialoq ölkədə “xarici təsirin şəffaflığı haqqında” qanunun və LGBT təbliğatının qadağan olunmasına dair qanunun qəbulundan sonra faktiki olaraq dayanıb.
Qiymət Mahir
tag: Gürcüstan , Nikol Paşinyan,Ermənistan,Avropa İttifaqı,TodayPress TV,
