Nigeriya Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır
Dünya
08.02.2026 06:00
Nigeriyanın daxili işlər naziri Olubunmi Tunci-Oco Türkiyə ilə Nigeriya arasında, xüsusilə təhlükəsizlik sahəsi başda olmaqla, çoxşaxəli əməkdaşlığın dərinləşdiriləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, nazir bu barədə Daxili İşlər Nazirliyinin sosial media hesabında paylaşım edib.
O, Nigeriya Prezidenti Bola Ahmed Tinubunun 27 yanvar tarixində Türkiyəyə etdiyi rəsmi səfəri şərh edərək bildirib ki, iki ölkə arasında təhlükəsizlik, miqrasiya idarəçiliyi, sərhəd nəzarəti və hüquq-mühafizə orqanlarının potensialının artırılması istiqamətlərində daha sıx koordinasiya hədəflənir.
Nazir qeyd edib ki, ortaq səylər eyni zamanda ikitərəfli ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması məqsədini dəstəkləyəcək. Onun sözlərinə görə, əməkdaşlıq açıq icra mexanizmləri, hesabatlılıq və ölçülə bilən nəticələr üzərində qurulur.
Tunci-Oco vurğulayıb ki, bu tərəfdaşlığın Nigeriyanın milli təhlükəsizliyini gücləndirməsi, transmilli cinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizəyə töhfə verməsi gözlənilir.
O əlavə edib ki, iki ölkə arasında imzalanan razılaşmalar ticarət, texnologiya transferi və bacarıqların inkişafı sahələrində yeni imkanlar yaradacaq. Nazir bu danışıqların konkret nəticələrə çevrilməsi istiqamətində qətiyyətli olduqlarını bildirib.
Aysel Mətləb
tag: Nigeriya,Türkiyə,Əməkdaşlıq,Təhlükəsizlik,Todaypress.tv,
