Makron: “Hamımız eyni qlobal iqtisadi nəticələrlə üz-üzəyik”
Dünya
11.03.2026 21:00
Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki qarşıdurmaların bütün dünya üçün oxşar iqtisadi nəticələr doğurduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, G7 ölkələrinin liderlərinin iştirakı ilə Yaxın Şərqdəki qarşıdurmaların iqtisadi nəticələrinə həsr olunmuş videokonfransın açılışında çıxış edib.
Makron bildirib ki, İranın nüvə və ballistik proqramını dayandırmaq məqsədilə başladılan əməliyyatlar artıq 11-ci gününə daxil olub və bu proses qlobal iqtisadi təsirlərlə müşayiət olunur.
Fransa prezidenti qeyd edib ki, görüşdə üç əsas məsələyə diqqət yetiriləcək. Birinci olaraq, davam edən hücumlar və bölgədəki son vəziyyət, eləcə də atılacaq addımlar müzakirə olunacaq.
İkinci istiqamət kimi Hürmüz boğazı, Qırmızı dəniz və Babülməndəb boğazı ərazilərində dəniz nəqliyyatı azadlığının yenidən təmin edilməsi üzrə koordinasiya məsələləri nəzərdən keçiriləcək.
Makron əlavə edib ki, üçüncü istiqamət iqtisadi əməkdaşlıq və enerji bazarlarında sabitliyin qorunması olacaq.
Prezident, həmçinin bildirib ki, Beynəlxalq Enerji Agentliyi tərəfindən təxminən 20 gün ərzində Hürmüz boğazından ixrac olunan neftə bərabər olan 400 milyon barel neftin bazara çıxarılması ilə bağlı razılıq əldə olunub. O vurğulayıb ki, neft və qaz bazarlarında daha böyük dalğalanmalara səbəb ola biləcək mümkün ixrac məhdudiyyətlərinin qarşısını almaq üçün üçüncü tərəflərlə əməkdaşlıq vacibdir.
Aysel Mətləb
tag: Makron,Müharibə,Yaxın,Şərq,TodayPress TV,
