Macarıstan Ukraynaya qarşı siyasətini dəyişir?
Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı iki danışıqlar klasterinin açılmasına qoyduğu vetonu götürüb.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-dəki mənbəyə istinadən "Rapporteur" nəşri məlumat yayıb.
Aİ Şurasının Genişlənmə üzrə İş Qrupu "Daxili bazar" və "Rəqabətqabiliyyətlilik və inklüziv artım" klasterləri üzrə seçim nəticələrini təsdiqləyib. Daha sonra üzv ölkələrin səfirləri Daimi Nümayəndələr Komitəsinin iclasında Ukrayna və Moldovaya danışıqlar mövqelərini təqdim etmək dəvəti ilə məktubların göndərilməsinə razılıq veriblər.
Budapeşt Kiyevdən Zakarpatyedəki macar azlığı üçün təminatlar tələb edərək bu mərhələni bir neçə ay bloklayıb. İyun ayında tərəflər azlıqların hüquqları üzrə 11 bənddən ibarət planı razılaşdırıblar, bundan sonra Macarıstan iki klasterin açılmasına icazə verib.
"Aİ Şurasının Genişlənmə üzrə İş Qrupu Ukrayna üçün 2 və 3-cü klasterlər üzrə seçim nəticələrini təsdiqləyib və bu gün Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsinin iclasında Aİ dövlətlərinin səfirləri Ukrayna və Moldova hökumətlərinə danışıqlar mövqelərinin təqdim olunması haqqında məktubların göndərilməsini razılaşdırıblar", - nəşr diplomatik mənbənin sözlərini sitat gətirib.
Aysel Mətləb