Keçmiş mədəniyyət naziri Epşteyn işi fonunda vəzifəsindən ayrıldı

Dünya

08.02.2026 08:40

Parisdə yerləşən Ərəb Dünyası İnstitutunun rəhbəri və Fransanın keçmiş mədəniyyət naziri Cek Lanq amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əməkdaşlıq çərçivəsində çirkli pulların yuyulması iddiası ilə bağlı aparılan istintaqdan sonra istefa verib.  

TodayPress TV xəbər verir ki, bu barədə, o Fransanın xarici işlər naziri Jan-Noel Barrota məktub göndərib. 

O bildirib ki, hazırkı vəziyyət son dərəcə zərərlidir və institutun nüfuzuna xələl gətirə bilər. Sabiq nazir vurğulayıb ki, qurumu qorumaq və ona qarşı irəli sürülən ittihamları sakit şəraitdə təkzib etmək üçün yaxın vaxtlarda idarə heyətinin növbədənkənar iclasında vəzifəsindən ayrılacaq. 

Fransa Xarici İşlər Nazirliyi və Yelisey Sarayı Lanqın istefa ərizəsini nəzərə aldıqlarını açıqlayıb. Nazir Barro isə onun varisinin təyin edilməsi proseduruna başlanacağını və yeddi gün ərzində institutun idarə heyətinin növbədənkənar iclasının çağırılacağını bildirib. 

Xatırladaq ki, daha əvvəl Fransanın Milli Maliyyə Prokurorluğu Jak Lanq və onun qızı Karolin Lanq barəsində Ceffri Epşteynlə birgə pul vəsaitlərinin yuyulmasında şübhəli bilinərək istintaqa başlayıb. Bu qərar “Mediapart” agentliyinin ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanmış Epşteyn işi üzrə sənədlərdən sitatları dərc etməsindən sonra qəbul edilib. 

Həmin sənədlərə əsasən, Jak Lanq və qızı Epşteynlə birlikdə Vircin adalarında qeydiyyatdan keçmiş “Prytanee LLC” şirkətinə sahib olublar. Məlumata görə, Lanq həmçinin Mərakeşdə daşınmaz əmlakın 5,4 milyon avroya satılması ilə bağlı sövdələşmədə iştirak edib. 

Aysel Mətləb

TodayPress TV

tag: Cek Lanq,Ceffri Epşteyn,İttiham,İstefa,Todaypress.tv,