İran Omanın Salala limanına hücum iddialarını rədd etdi

Dünya

12.03.2026 10:23

İran Silahlı Qüvvələri Omanın Salala limanındakı yanacaq anbarlarına dron hücumu ilə əlaqəli olduqları barədə iddiaları təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin müharibə əməliyyatlarını koordinasiya edən “Xatəm əl-Ənbiyə” Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfikari açıqlama verib.

“Dost, qonşu və qardaş ölkə Omanın Salala limanında baş verən hadisə olduqca şübhəli görünür”, – deyə Zülfikari bildirib. Onun sözlərinə görə, İran məsələ ilə bağlı araşdırma aparır.

Zülfikari vurğulayıb ki, İran Silahlı Qüvvələri Omanın təhlükəsizliyinə və milli suverenliyinə hörmətlə yanaşır.

Oman rəsmi xəbər agentliyi ONA isə məlumat yayıb ki, Salala limanındakı yanacaq anbarları ötən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bildirilib ki, ölkənin hava məkanında bəzi dronlar vurulub, lakin bir neçə PUA limandakı yanacaq çənlərinə düşüb.

Məlumata görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Qeyd edək ki, İran bundan əvvəl də martın 3-də Omanın Dukm ticarət limanına edilən hücumla əlaqəsi olduğu barədə iddiaları təkzib etmişdi.

Qiymət Mahir

tag: İran ,Oman,Salala ,Zülfikari ,TodayPress TV,