İran Hörmüz boğazından keçmək üçün rüsum tətbiq edəcək
Dünya
30.03.2026 11:44
İran Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Burucerdi məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda qanun layihəsi qəbul edilərsə, boğazda yeni idarəetmə sistemi tətbiq olunacaq. Burucerdi bildirib ki, gəmilərin təhlükəsizliyi və göstərilən xidmətlər bu ödənişlər hesabına təmin ediləcək. Lakin rüsumun məbləği hələ açıqlanmayıb.
İran martın 25-də BMT-nin Beynəlxalq Dəniz Təşkilatına bildirib ki, düşmən hesab etmədiyi ölkələrin gəmiləri boğazdan keçə biləcək. Rəsmi Tehran bunu ABŞ, İsrail və onların tərəfdarlarının mümkün fəaliyyətlərinin qarşısını almaq üçün atılan zəruri addım kimi qiymətləndirir.
Qeyd edək ki, İran fevralın 28-də bölgədə hərbi gərginlik artdıqdan sonra Hörmüz boğazından keçidi faktiki olaraq məhdudlaşdırıb. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən 30%-i bu boğazdan keçir. Məhdudiyyətlər nəticəsində neft qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib.
Türkan İsgəndərli
tag: İran,Hörmüz,Gəmi,Rüsum,Todaypress.tv,
