İran Hindistan tankerlərinə "Hörmüz"dən keçməyə icazə verəcək

Dünya

12.03.2026 12:23

İran Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verə bilər.

TodayPress TV  xəbər verir ki, bu barədə "Reuters"  Hindistandakı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu boğazdan Hindistanın xam neft idxalının təxminən 40%-i keçir. Lakin  İran mənbələri belə bir razılaşmanın mövcudluğunu inkar edir.

Həftənin əvvəlində Hindistanın Xarici İşlər naziri Subrahmanyam Cayşankar iranlı həmkarı Abbas Əraqçi ilə boğazdan keçən dəniz nəqliyyatının təhlükəsizliyini müzakirə etmək üçün telefonla danışıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrandakı hərbi əməliyyatından sonra İran Fars körfəzindən neft ixracının yeganə çıxış yolu olan Hörmüz boğazından gəmilərin keçməsini məhdudlaşdırmaqla hədələyib. İranın dəhlizdən keçməyə çalışan tankerlərə müntəzəm hücumları isə ABŞ, Avropa və Asiya bazarlarına enerji idxalını çətinləşdirir.

Agentliyin məlumatına görə, münaqişə başlayandan bəri İran boğazda ən azı 16 gəmiyə hücum edib.

Bundan əlavə, “The Times of India” qəzeti isə  Hindistan hökumətinin Yaxın Şərqdəki gərginliyə baxmayaraq, emal olunmuş neftin ixracını məhdudlaşdırmamaq qərarına gəldiyini yazır. 

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,Hindistan,Hörmüz ,Neft ,Todaypress.tv,