Seçkilər saxtalaşdırılıb? İsraildə siyasi qarşıdurma böyüyür
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ərəb siyasi qüvvələrini parlament seçkilərində kütləvi qanun pozuntularına yol verməkdə ittiham edib.
TodayPress TV xəbər verir ki, partiya 26-cı çağırış Knessetə keçirilən seçkilərlə bağlı polisə və İsrailin daxili təhlükəsizlik xidməti ŞABAK-a müraciət edərək araşdırma aparılmasını tələb edib.
“İsraildə seçkilər yəhudi dövlətinin məhvini dəstəkləyən ərəb partiyaları tərəfindən oğurlanıb. Bunun üçün seçicilərin satın alınması, təhdid, zorakılıq, saxtakarlıq və seçiciləri cəlb etmək məqsədilə qadağan olunmuş kompüter proqramlarından istifadə kimi ağır cinayətlər törədilib”, – deyə “Likud”un bəyanatında bildirilib.
Partiya ərəb yaşayış məntəqələrindəki seçki məntəqələrində baş verdiyi iddia olunan qanun pozuntularına dair yüzlərlə şahid ifadəsi və sübutu polisə, ŞABAK-a və Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyini açıqlayıb.
“Likud” həmçinin içərisində pul və RAAM partiyasının seçki bülletenləri olan minlərlə zərf barədə məlumatlara malik olduğunu iddia edib.
Bundan başqa, partiya seçki bülletenləri olan zərflərin sayı ilə səsvermədə iştirak edən seçicilərin sayı arasında uyğunsuzluqların aşkarlandığını bildirib. Eyni şəxslərin bir neçə dəfə səs verməsi ilə bağlı şübhələrin olduğu da vurğulanıb.
Bəyanatda ərəb partiyalarının seçici fəallığını artırmaq üçün qadağan olunmuş proqramlardan istifadə etdiyi iddia edilib.
Qeyd edək ki, səsləndirilən ittihamlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
Kübra Musayeva