İlon Maskın raketləri Meksikaya düşdü: Sanksiya XƏBƏRDARLIĞI...
Meksika Prezidenti Klaudia Şeynbaum ölkə ərazisinə raket qalıqlarının düşməsi ilə əlaqədar Amerikanın “SpaceX” şirkətinə qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Şeynbaum gündəlik mətbuat konfransında danışıb.
“ABŞ səfirliyi ilə görüş keçirdik, çünki bizim fikrimizcə, bu məsələni “SpaceX” şirkəti ilə deyil, ABŞ hökuməti ilə həll etmək lazımdır. Bu, raketlərinin qalıqlarının ölkənin ərazi sularına düşməsinə görə şirkətə qarşı mümkün sanksiyaları istisna etmir”, – deyə o vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, çirklənmə faktlarının araşdırılması və şirkətə qarşı mümkün cərimələr məsələsi Ətraf Mühitin Mühafizəsi üzrə Federal Prokurorluq (Profepa) tərəfindən araşdırılır. Bununla yanaşı, Mexiko Texasda yerləşən “SpaceX” buraxılış meydançasının Meksika sərhədinə yaxınlığından narahatdır. Belə ki, raket buraxılışları zamanı onlar Meksikanın hava məkanına daxil olurlar.
Şeynbaum izah edib ki, hər bir buraxılış üçün Meksikanın aviasiya orqanlarının icazəsi və digər uçuşlar üçün müvafiq zonanın müvəqqəti bağlanması tələb olunur. Hazırda buraxılışların sayı azdır, lakin şirkətin onların sayını ildə 400-ə çatdırmaq planları hava nəqliyyatı üçün risklər yaradır. Bununla əlaqədar Meksika ABŞ səfirliyi vasitəsilə iki ölkənin aviasiya qurumlarının görüşünün təşkilinə çalışır. Məqsəd icazələrin verilməsi qaydasını və tezliyini müəyyənləşdirmək, zərurət yaranarsa, buraxılış zonasının başqa yerə köçürülməsini müzakirə etməkdir.
Bəs raket qalıqlarının Meksika ərazisinə düşməsi ilə bağlı “SpaceX” şirkəti hansı mövqeyi sərgiləyir?
Qeyd edək ki, noyabr ayında “SpaceX” şirkətinin Texasdakı bazasından “Starship” kosmik gəmisinin növbəti sınaq buraxılışından sonra onun sürətləndirici bloku Meksika körfəzi üzərində partlayıb. Bundan sonra Meksikanın sərhədyanı Tamaulipas ştatında yerləşən Bağdad çimərliyinə raketin ehtimal olunan qalıqları çıxmağa başlayıb. Profepanın məlumatına görə, mütəxəssislər sahildən 5,9 kiloqram raket qalığı toplayıb və onların mənşəyini yoxlamaq üçün şirkətdən kosmik gəminin materiallarına dair texniki sənədləri tələb ediblər. “SpaceX” şirkəti isə tapılan fraqmentlərin onun buraxılışlarına aid olduğunun təsdiqlənmədiyini bildirib.
Aysel Mətləb