Fransa səfiri İran XİN-ə çağırıldı - Səbəb nədir?

Fransa səfiri İran XİN-ə çağırıldı - Səbəb nədir?
06.10.2026 20:58 Dünya

Fransanın Tehrandakı səfiri Pyer Koşar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

TodayPress TV xəbər verir ki, səfir İran XİN-in İnsan Hüquqları Departamentinin rəhbər səlahiyyətlərini icra edən Həmid Əhmədi tərəfindən qəbul edilib.

Əhmədi tələbə etirazlarına qarşı Fransa təhlükəsizlik qüvvələrinin zorakı müdaxiləsi və genişmiqyaslı insan hüquqları pozuntuları ilə bağlı İranın sərt etirazını çatdırıb.

O, Fransanın beynəlxalq insan hüquqları üzrə müqavilə və sənədlər çərçivəsində öhdəliklərinə istinad edərək, Fransa hökumətini fundamental hüquq və azadlıqlara, xüsusilə dinc toplaşmaq hüququna hörmət etməyə çağırıb.

Rəsmi, həmçinin Fransa təhlükəsizlik qüvvələrinin dinc toplantılara qarşı güc tətbiq etməsindən ciddi narahatlığını ifadə edib. Bildirib ki, müdaxilə nəticəsində etirazçılar arasında xəsarət alanlar və daimi əlilliklə üzləşənlər, o cümlədən görmə qabiliyyətini itirən şəxslər olub. Bundan başqa, 5 mindən çox insanın saxlanıldığı bildirilib.

Əhmədi vurğulayıb ki, dinc nümayiş iştirakçılarına qarşı bu səviyyədə zorakılıq tətbiqinə haqq qazandırmaq mümkün deyil. İran rəsmisi silahlı təhlükəsizlik və polis qüvvələrinin sinif otaqlarına daxil olaraq tələbə və müəllimlərə hücum etdiyini göstərən məlumat və görüntülərə də istinad edib. O, ciddi insan hüquqları pozuntularının araşdırılması, həddindən artıq güc tətbiqi və Fransa polisi tərəfindən məktəblərin toxunulmazlığının pozulması ilə bağlı məlumatların araşdırılması üçün müstəqil mexanizmin yaradılmasını tələb edib.

O, həmçinin etirazçıların təməl təhsil hüququ və ədalətli, ayrı-seçkisiz təhsil sistemi tələblərinə diqqət çəkib. Əhmədi, Fransa hökumətini vətəndaşlarının, xüsusilə gənc nəslin qanuni və legitim hüquqlarına hörmət etməyə və ciddi insan hüquqları pozuntularına görə məsul şəxslərin mühakimə olunmasını təmin etməyə çağırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər