Əlcəzairdə yeni qanun layihəsi: Bu əməlləri törədənlər edam ediləcək!

Əlcəzairdə yeni qanun layihəsi: Bu əməlləri törədənlər edam ediləcək!
02.10.2026 07:50 Dünya

Əlcəzair parlamenti Cinayət Məcəlləsinə qəsdən yanğın törətmə və uşaq oğurluğuna görə ölüm cəzasının tətbiqini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Parlamentin aşağı palatası qanun layihəsini spiker Xalidə Bufdəşin sədrliyi ilə keçirilən plenar iclasda qəbul edib. Bu, yeni parlament sessiyasında deputatların təsdiqlədiyi ilk qanunvericilik təşəbbüsü olub. Qanun layihəsi avqust ayında baş verən meşə yanğınlarından sonra Prezident Əbdülməcid Təbbunun tapşırığı ilə hazırlanıb.

Sənədə əsasən, meşələri və əkin sahələrini qəsdən yandıran, dövlətə və ya özəl mülkiyyətə zərər vuran, həmçinin dövlətə xəyanət, casusluq və ya mütəşəkkil cinayətkarlıq çərçivəsində xarici tərəflərin maraqlarına xidmət edən şəxslər ölüm cəzası ilə üzləşə biləcəklər.

Ölüm cəzasının ictimai təhlükəsizliyə və asayişə, milli birliyə, iqtisadi və ekoloji sabitliyə xələl gətirməyə cəhd edən şəxslərə də tətbiqi nəzərdə tutulur.

Qanun layihəsində uşaqların oğurlanmasına görə də ölüm cəzasının tətbiqi müəyyən edilir.

Əlcəzairin ədliyyə naziri Lütfi Buçamaa səsvermədən sonra bildirib ki, bu əməllərə görə ölüm cəzasının tətbiqi həmin cinayətlərin qarşısını almaq məqsədi daşıyır.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslər üçün vəkilin bütün mərhələlərdə iştirakı, psixiatrik ekspertiza və qərardan apellyasiya şikayəti vermək hüququ da daxil olmaqla hüquqi təminatlar saxlanılır.

Qanun layihəsi, həmçinin yanğın törətmə və uşaqlara qarşı cinayətlər üzrə məhkum olunanlar üçün yüngülləşdirici halların nəzərə alınması imkanını aradan qaldırır.

Sənəd qüvvəyə minməsi üçün parlamentin yuxarı palatasında da təsdiqlənməli və prezident tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, Əlcəzair qanunvericiliyində bir sıra cinayətlərə görə ölüm cəzası nəzərdə tutulsa da, onun icrasına moratorium 1993-cü ildən qüvvədədir.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər