“Zəhərlənmələr gizlədilir" – Eyyub Hüseynov faktları açdı

“Zəhərlənmələr gizlədilir" – Eyyub Hüseynov faktları açdı
02.10.2026 14:07 Gündəm

Son günlər Azərbaycanda ardıcıl zəhərlənmə halları qeydə alınıb. Gəncədə C.Cabbarlı adına 6 nömrəli məktəbdə 7 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildi.  Kürdəmirdə isə toy mərasimində 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etdiyi açıqlandı.  Bu gün Sumqayıtda 36 nömrəli məktəbdə 21 şagird zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.     

Bəs niyə bu hallar belə artıb? Bu  qida təhlükəsizliyinə nəzarətdə ciddi problemin, boşluğun olduğunu deməyə əsas verirmi?   

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən Azad İstehlakçılar  Birliyinin sədri Eyyub Hüseynov zəhərlənmə hallarının yeni olmadığını, əsas problemin isə bu hadisələrin düzgün qeydiyyata alınmaması və qida təhlükəsizliyinə nəzarətin yetərli səviyyədə olmaması ilə bağlı olduğunu bildirib.


Onun sözlərinə görə, zəhərlənmə hallarının bir çoxu rəsmi statistikada əksini tapmır: 

“Zəhərlənmələr daim baş verir. Yaxşı ki, media var. Media olmasa, bunların hamısı gizli qalardı.

Ölkədə zəhərlənmələrin qeydiyyatı da düzgün aparılmır. Zəhərlənən insanlar Eyyub Hüseynovun yanına getmir, səhiyyə orqanlarına müraciət edirlər. Səhiyyə orqanlarına çatdıqdan sonra mədələri yuyulur, nəticədə fakt itir və insanın nədən zəhərləndiyi müəyyən olunmur”.

Onun  sözlərinə görə, kütləvi tədbirlərdə qida təhlükəsizliyinə nəzarətin zəif olması da zəhərlənmə hallarının əsas səbəblərindən biridir.  O, xüsusilə restoran və toy mərasimlərində qida məhsullarına nəzarətin formal xarakter daşıdığını deyib:

“Bəli, görünür, bu, Qida Təhlükəsizliyi Agentliyinin zəif fəaliyyətinin nəticəsidir. Kütləvi tədbirlərdə Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti çox aşağı səviyyədədir. Belə ki, restoran sahibi deyir ki, burada nə bişiriləcək, gedin onu Qida Təhlükəsizliyi Agentliyində yoxlatdırın və sənədi mənə gətirin. Ondan sonra restorana icazə verilir.

Rayon yerlərində isə toy edən qidanı özü gətirir. Həmin qidalardan 20 nümunə götürülürsə, bir-üçünü harasa aparıb Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına verirlər. Nəticədə bir sənəd alıb gətirirlər və buna da səthi yanaşılır. Ona görə də belə zəhərlənmələr baş verir”.

Mütəxəssis hesab edir ki, zəhərlənmə hallarının qarşısının alınması üçün yalnız nəzarət tədbirləri kifayət deyil:

“Nə qədər ki, ev təsərrüfatlarında və sənaye üsulu ilə hazırlanmış mallardan zəhərlənmələr barədə aydın informasiya verilmir, cəzalar tətbiq olunmur və zəhərlənən insanlara kompensasiya ödənilmir, bu proses davam edəcək.

Belə zəhərlənmələrin səbəbini adətən istehlakçının özündə görürlər. Deyirlər ki, ev şorabasını gətirmisən, düzgün bişirməmisən və sair. Yəni səbəbi istehlakçının özündə axtarırlar”.

Müsahibimizin  fikrincə, problemin aradan qaldırılması üçün istehlakçı hüquqlarını qoruyan qanunvericilik də yenilənməlidir:

“Nə qədər ki, cəzasızlıq hökm sürür və zəhərlənmələr gizlədilir, vəziyyət belə də davam edəcək. Bunun əsas səbəblərindən biri də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1995-ci ildə qəbul edilməsindən sonra dəyişdirilməməsidir. Ondan bəri qanun dəyişməyib, bazar isə inkişaf edib.

Azad İstehlakçılar Birliyinin sədri olaraq mən Ombudsmana və Milli Məclisə dəfələrlə istehlakçı hüquqlarını qoruyan qanunun yenilənməsini tələb etmişəm”.

O, Milli Məclisdə bu məsələnin son vaxtlar gündəmə gətirilməsini də müsbət hal kimi qiymətləndirib:

“Azərbaycan tarixində son 30 ildə ilk dəfə olaraq Əli Məsimli bu həftənin birinci günü Milli Məclisdəki çıxışında istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu gündəmə gətirib və onun yenilənməsinin vacibliyini deyib. Mən 30 ildə ilk dəfədir ki, Milli Məclisdə belə bir çıxış görürəm.

Milli Məclisdə 20-yə qədər hüquqşünas var, onların dilindən 30 il ərzində bir dəfə də bu məsələ səslənməyib. Mən bunları dəqiq izləyirəm.

Yaxşı ki, bu fikir iqtisadçının dilindən səsləndi. Mən 30 il ərzində yüzlərlə, hətta minlərlə toplantıda iştirak etmişəm. İqtisadçılar, əsasən, biznesin inkişafından danışır, istehlakçıların hüquqlarına isə diqqət yetirmirlər. Çox yaxşı oldu ki, Əli Məsimli nəhayət istehlakçıların hüquqlarını da gündəmə gətirdi.

Təəssüf ki, hamı biznesin inkişafından danışır. İnsanları aldadan biznesdən isə heç kəs danışmır”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər