Evdə tək qalan pişik partlayış törətdi
Rusiyanın Odintsovo şəhərində pişiyin təsadüfən elektrik sobasını işə salması nəticəsində qaz balonunun partlamasına səbəb ola biləcək hadisə baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Rusiya FHN Baş İdarəsi məlumat yayıb.
Hadisə oktyabrın 1-də səhər saatlarında Belorusskaya küçəsində yerləşən çoxmərtəbəli binanın 19-cu mərtəbəsində baş verib. Xilasedicilərə qaz-hava qarışığının partlaması barədə məlumat daxil olub.
Partlayış nəticəsində mənzilin eyvanı və pəncərələri zədələnib, həmçinin tamburla yaşayış sahəsini ayıran arakəsmə dağılıb.
Hadisə zamanı mənzil sahibləri evdə olmayıb. Mənzildə yalnız pişik olub və heyvan xəsarət almayıb.
İlkin versiyaya görə, mənzildə elektrik sobasının yanında 200 millilitrlik qaz balonu olub. Pişiyin sobanın sensor panelinə və ya düyməsinə toxunması nəticəsində cihaz işə düşüb və qaz balonu partlayıb.
Aysel Mətləb