YENİ MİLLİ NİYƏ QOL VURA BİLMİR? İLK İKİ OYUNUN MESAJI

YENİ MİLLİ NİYƏ QOL VURA BİLMİR? İLK İKİ OYUNUN MESAJI
02.10.2026 12:32 İdman

UEFA Millətlər Liqasının D Liqasında Litva ilə 1:1 və Lixtenşteynlə 0:0 nəticələri Azərbaycan millisinin yeni heyətinə yalnız kağız üzərində deyil, ilk iki rəsmi oyunun verdiyi real siqnallar əsasında baxmaq imkanı verir. Xüsusilə Lixtenşteynlə oyunun statistikası kifayət qədər düşündürücüdür: Azərbaycan 74% topa sahib olub, 25 zərbə vurub, 5-i çərçivəyə düşüb, 6 künc zərbəsi qazanıb, amma qol vura bilməyib. 

Azərbaycan milli komandasında Ayxan Abbasovun gəlişi ilə başlayan yeni mərhələnin əsas xüsusiyyəti təkcə baş məşqçi dəyişikliyi deyil. Əsl dəyişiklik heyətin quruluşunda, seçim meyarlarında və müəyyən mövqelərdə yeni futbolçulara verilən şansda özünü göstərir.

AFFA-nın sentyabr ayında açıqladığı heyətdə 30 futbolçu yer alırdı. Siyahıda həm əvvəlki illərdən qalan təcrübəli futbolçular - Emin Mahmudov, Bədavi Hüseynov, Mahir Emreli, Toral Bayramov, Anton Krivotsyuk və başqaları, həm də daha yeni simalar - Rüfət Abbasov, Abdulla Xaybullayev, Edqar Adilxanov, Oruc Məmmədov, Emil Səfərov və digər oyunçular vardı.

Bu mənada yeni heyəti tamamilə “köhnə komandanın dəyişdirilməsi” kimi yox, köhnə nüvənin saxlanılması ilə yeni futbolçu qrupunun həmin nüvəyə inteqrasiyası kimi xarakterizə etmək daha doğru olar.

Ayxan Abbasov bir anda bütün təcrübəli futbolçulardan imtina etməyib. Əksinə, komandanın onurğa sütununda hələ də Emin Mahmudov, Mahir Emreli, Toral Bayramov, Bədavi Hüseynov, Anton Krivotsyuk və Emil Balayev kimi futbolçular qalır.

Bununla yanaşı, heyətə daha çox yeni oyunçunun daxil edilməsi gələcəyə hesablanmış addım təsiri bağışlayır. Burada mühüm məqam var. Dəyişiklik etmək başqa, dəyişiklikdən keyfiyyət əldə etmək başqadır. İlk iki oyundan sonra görünən mənzərə budur ki, yeni futbolçuların bir hissəsi enerji və fiziki dinamika gətirsə də, komandanın hücumda yaradıcılıq və son qərarvermə problemi hələ olunmayıb.

Yeni komandanın ən böyük üstünlüklərindən biri təcrübənin tamamilə itirilməməsidir. Bu, xüsusilə yeni məşqçi üçün vacibdir. Çünki tamamilə gəncləşdirilmiş komanda nəticə təzyiqi altında daha çox risk daşıyır. Abbasov hazırda təcrübəli nüvəni saxlayaraq onun ətrafında yeni komanda formalaşdırmağa çalışır.

Azərbaycanın ən stabil görünən xətti hazırda müdafiədir. Litva ilə oyunda Azərbaycan 5-4-1 quruluşunda meydana çıxmışdı. Müdafiə xəttində Rəhman Daşdəmirov, Rüfət Abbasov, Rahil Məmmədov, Bədavi Hüseynov və Tellur Mütəllimov kimi futbolçular oynadılar.

Lixtenşteynlə qarşılaşmada isə komanda 4-2-3-1 sisteminə keçdi və Anton Krivotsyuk, Elvin Bədəlov, Abdulla Xaybullayev və Tellur Mütəllimov müdafiə xəttində yer aldı.

Bu dəyişiklik göstərir ki, Ayxan Abbasov yalnız bir taktiki sxemə bağlı deyil və müdafiədə müxtəlif kombinasiyalar sınamaq imkanı var.

Toral Bayramov millinin ən vacib üzvlərindən birinə çevrilə biləcək oyunçulardandır. Onun üstünlüyü yalnız müdafiə və ya hücumda oynaya bilməsində deyil. Bayramov cinahda həm genişlik yaratmaq, həm də hücuma qoşulmaq imkanına malikdir. Üstəlik, onun klub səviyyəsində xaricdə oynamaq təcrübəsi var.

Lixtenşteynlə oyunda da Bayramov start heyətində idi. Onun həm cinah, həm də hücum keçidlərində rolu əhəmiyyətli idi. Amma burada başqa problem ortaya çıxır: Bayramovun potensialını milli komanda hücumda kifayət qədər istifadə edə bilirmi? İlk iki oyun göstərdi ki, bu durumda vəziyyət hələ tam müsbət deyil.

Litva ilə oyunda Azərbaycanın yeganə qolunu Mahir Emreli vurdu. Azərbaycan millisində uzun müddətdir əsas problemlərdən biri hücumda fərdi keyfiyyət hesabına oyunun taleyini dəyişə biləcək futbolçuların sayının az olmasıdır. Emreli bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Amma onun tək qalması problemdir.

Lixtenşteynlə oyunda Musa Qurbanlı, Mahir Emreli və Vüsal İsgəndərli ilə qurulan hücum xətti rəqibin sıx müdafiəsini yarmaqda çətinlik çəkdi. Azərbaycan 25 dəfə zərbə endirsə də, bunların yalnız 5-i çərçivəyə düşdü və qol olmadı. Deməli, məsələ hücumçunun keyfiyyətindən savayı, hücum mexanizminin işləməsindədir.

Qol vurmaq hər futbolçunun işidir. İlk iki Millətlər Liqası oyununda Azərbaycan cəmi 1 qol vurub. Yəni komanda iki oyunda 180 dəqiqəyə yaxın futbol oynayıb və cəmi bir dəfə fərqlənib.

Lixtenşteynlə oyunda statistik üstünlük göz qamaşdırır. 

74% topa sahibolma

25 zərbə

5 çərçivəyə zərbə

6 künc

22 orta

amma:

0 qol.

Bu rəqəmlər çox mühüm bir problemin üzərinə işıq salır. Azərbaycan artıq topa sahib olmaqda deyil, topa sahib olduqdan sonra təhlükə yaratmaqda çətinlik çəkir. Problem hücumun son mərhələsindədir. Bu, Abbasovun qarşıdakı oyunlarda həll etməli olduğu əsas məsələlərdən biridir.

Litva ilə səfər oyunu Lixtenşteyn qarşılaşmasından daha mürəkkəb sınaq idi. 5-4-1 sxemi ilə oynayan Azərbaycan əsas diqqəti kompaktlığa verdi. Komanda erkən qol buraxsa da, psixoloji olaraq dağılmadı.

Heyətin ən böyük üstünlüyü strukturlaşmağa başlamasıdır. Komanda müdafiədə daha kompakt görünür, müxtəlif sxemlərdən istifadə edir və yeni futbolçuların inteqrasiyasına çalışır. Ən böyük problemi isə hücumda ideyanın nəticəyə çevrilməməsidir.

Azərbaycan millisinin yeni heyətini iki oyundan sonra uğursuz və ya uğurlu elan etmək tezdir. Amma iki qarşılaşma müəyyən istiqamətləri artıq göstərib. Bu komanda əvvəlki dövrlərlə müqayisədə daha kompakt və daha çevik qurulmağa çalışır. Müdafiə xətti müəyyən sabitlik nümayiş etdirir. Yeni futbolçulara real şans verilir. Amma hücumda keyfiyyətli son hərəkət, son ötürmə və qol problemi hələ həll olunmayıb.

Əgər Ayxan Abbasov bu problemi aradan qaldıra bilsə, hazırkı heyət D2 qrupunda rəqabət aparacaq potensiala malikdir. Əks halda Azərbaycan topa daha çox sahib olan, daha çox hücum edən, amma nəticə baxımından lazımi üstünlüyü əldə edə bilməyən komandaya çevrilə bilər.

Bu səbəbdən 4 oktyabrda Litva ilə oyun yeni millinin əsl testi olacaq. Lixtenşteyn qarşısında 74 faiz topa sahib olmaq və 25 zərbə vurmaq artıq komandanın rəqibi sıxışdıra bildiyini göstərdi. Növbəti mərhələ isə həmin üstünlüyü qola və qələbəyə çevirməkdir.

Namiq HUN

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər