Ramiz Mehdiyev YAP-dan çıxarılır - İDDİA
Bakıda keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı mühüm məqamlarla yadda qalır. Qurultayın açılışında Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyev xüsusi bir məsələyə diqqət çəkdi: “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”.
Prezident çıxışında Zəfərdən sonra ölkənin daxil olduğu tarixi mərhələdən danışdı. O, bildirdi ki, ərazi bütövlüyünün təmin olunması dövlət idarəçiliyində və siyasi sistemdə də yeni tələblər yaradır. YAP isə ölkənin aparıcı siyasi qüvvəsi kimi dəyişən şəraitə uyğunlaşmalı, kadr islahatlarını davam etdirməli və qarşıdakı çağırışlara cavab verməlidir.
Bu çıxışdan sonra qurultayın gündəliyində xüsusi maraq doğuran məsələlərdən biri də Prezident Administrasiyasının sabiq rəhbəri və uzun illər YAP strukturunda aparıcı mövqedə olmuş Ramiz Mehdiyevin YAP-dakı gələcəyidir.
Uzun illər siyasi səhnədə “boz kardinal” kimi təqdim olunan Ramiz Mehdiyev üçün YAP üzvlüyü onun keçmiş siyasi mövqeyindən qalan son bağlardan biri sayılırdı. Lakin son dövrlərdə onun adı ətrafında baş verən hüquqi və siyasi proseslər vəziyyəti dəyişib. Dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd kimi ağır ittihamlarla məhkəmə qarşısına çıxarılan və barəsində qətimkan tədbiri seçilən şəxsin iqtidar partiyasının sıralarında, xüsusilə də Veteranlar Şurasında qalmasının mümkünlüyü artıq açıq sualdır.
Partiya rəhbərliyindən və deputat korpusundan səslənən sərt mövqelər də bu məsələnin YAP daxilində ciddi müzakirə olunduğunu sübut edir. Qurultayın keçirildiyi bir vaxtda Mehdiyevin partiyadakı statusu ilə bağlı qərarın verilməsi də təsadüfi görünmür.
Mehdiyevin partiyadan kənarlaşdırılması yalnız üzvlüyə xitam verilməsi ilə məhdudlaşan qərar da olmayacaq. İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra ölkənin siyasi idarəçiliyində baş verən dəyişikliklər fonunda belə bir qərar YAP-ın keçmiş siyasi kadrlarla bağlı mövqeyini də ortaya qoyacaq.
Partiyanın rəhbər strukturlarında yeni nəsil kadrların önə çıxarılması, idarəetmənin daha çevik qurulması və təşkilati yenilənmə qurultayın diqqət mərkəzində olan məsələlərdəndir. Bu prosesin fonunda uzun illər əvvəl formalaşmış siyasi idarəçilik modelinin nümayəndələrinin YAP-da gələcək mövqeyi də sual olaraq qalır.
Prezidentin müəyyənləşdirdiyi hədəflər və qəbul ediləcək qərarlar, şübhəsiz ki, partiyanın qarşıdakı illərdəki fəaliyyət ritmini müəyyənləşdirəcək. Lakin Ramiz Mehdiyevlə bağlı verilməsi gözlənilən qəti qərar bir daha sübut edəcək ki, Zəfər qazanmış Azərbaycanın siyasi səhnəsində toxunulmaz hesab edilən heç kim yoxdur. Görünən odur ki, uzun illər YAP-ın siyasi tarixində kök salmış qocaman “YAP-çı” üçün artıq yolun sonu görünür.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Jalə Rövşən