Belçikalı idmançı 60 dövrəlik yarışı birinci bitirdi, üzgüçülərimiz rekord qırdı!
Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Dünya Kuboku turnirinin ikinci yarış günündə gərgin və maraqlı mübarizə izlənilib.
TodayPress TV xəbər verir ki, ölkəmizi təmsil edən üzgüçülərdən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski ümumilikdə 8 növdə bacarıqlarını nümayiş etdiriblər.
Günün diqqətçəkən yarışlarından biri kişilərin 1500 metr məsafəyə sərbəst üsulla mübarizəsi olub. 60 dövrəlik gərgin məsafəni 14:34,98 nəticə ilə başa vuran belçikalı Lukas Anvo birinci yeri tutub.
Azərbaycan milli komandasının üzvləri yarış gününü iki yeni ölkə rekordu ilə başa vurublar. Yeqor Maynitski 200 metr məsafəyə qarışıq növdə (2:03,69), Anastasiya Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda (1:15,32) Azərbaycan rekordunu yeniləyiblər.
Bundan əlavə, bir neçə idmançımız şəxsi göstəricilərini yaxşılaşdırıblar:
Yeqor Maynitski — 50 metr məsafəyə brass üsulu;
Ramal Sadıqlı — 100 metr məsafəyə sərbəst üsul;
Amin Oruclu və Fərhad Şirməmmədli — 1500 metr məsafəyə sərbəst üsul.
Turnirin axşam seansında Fatimə Alkərəmova 400 metr məsafəyə qarışıq üsulla yarışda qüvvəsini sınayacaq.
Qeyd edək ki, mötəbər turnirdə Azərbaycanı ümumilikdə 15 üzgüçü təmsil edir: Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski.
Namiq HUN