BƏƏ naziri: “Diplomatiya üçün qapı heç vaxt bağlanmır”
Dünya
02.03.2026 18:13
Martın 1-də Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq əməkdaşlıq naziri
Rim bint İbrahim əl-Haşimi “CNN” telekanalına müsahibə verib.
TodayPress TV müsahibəni təqdim edir:
Jurnalist Becky Anderson:
— Rim, Dubaydan bizə qoşulduğunuz üçün təşəkkür edirəm.
Ölkəsini təhlükəsizlik və sabitliyin simvolu kimi görməyə alışmış BƏƏ sakinləri üçün yayılan görüntülərin nə qədər sarsıdıcı olduğunu sözlə ifadə etmək çətindir.
İran Ali Rəhbəri Seyid Əli Xameneinin ölümündən sonra “tarixinin ən ağır hücumu”nu həyata keçirə biləcəyini bildirir.
İndiyədək hədəflərin miqyası və itkilərlə bağlı ən son məlumatlar nədir? BƏƏ bu gün daha hansı təhlükələrə hazırlaşır?
Rim bint İbrahim əl-Haşimi:
— Çox sağ olun, Beki, məni proqramınıza dəvət etdiyiniz üçün təşəkkür edirəm.
Bizim üçün bu, həqiqətən görünməmiş bir dövrdür. Son həftələr və aylar ərzində biz dialoqu və gərginliyin azaldılmasını təşviq etməklə bu vəziyyətin qarşısını almağa çalışmışdıq.
Təəssüf ki, hazırda İran tamamilə əsassız və qanunsuz addımlarla təkcə BƏƏ-yə deyil, həm də Körfəz regionunun digər ölkələrinə və ondan kənara hücumlar həyata keçirib. Bu, qəbul edilə biləcək bir şey deyil.
Biz dünyanın ən güclü müdafiə sistemlərindən birinə sahibik və inamlıyıq ki, infrastrukturlarımızı qorumağa və burada yaşayan insanları müdafiə etməyə davam edə biləcəyik.
Bilirəm ki, bu, bir çox sakin üçün qorxulu bir hadisədir. Siz də bunu qeyd etdiniz və haqlısınız. Biz adətən belə güclü səslər eşitmirik.
Lakin eyni zamanda qeyd etmək lazımdır ki, bunlar əsasən raketlərin havada məhv edilməsi zamanı yaranan səslərdir. Zərər qeydə alınan yerlərdə isə bu, əsasən qalıq hissələrin düşməsi nəticəsində baş verib.
Buna görə də BƏƏ-də yaşayan insanlara – həm əcnəbilərə, həm də ölkə vətəndaşlarına bir daha demək istəyirəm ki, biz dünyanın ən güclü hava-raket müdafiə sistemlərindən birinə malikik və təhlükəsizliyimizi təmin etmək üçün hər şeyi edirik.
Becky Anderson:
— İran bu hücumları ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə edəcəyini əvvəlcədən bildirmişdi. Şənbə səhəri ABŞ bazalarına qarşı təhdidlər səsləndirilmişdi.
Lakin hücumlar bundan daha geniş miqyas aldı. Məsələn, BƏƏ-də hotellər və mülki infrastruktura qarşı hücumlar qeydə alınıb.
Sizcə vəziyyət nə qədər pisləşə bilər və hədəflərin seçilməsi ilə bağlı nə düşünürsünüz?
Rim bint İbrahim əl-Haşimi:
— Onlar necə hərəkət etmək istəsələr, biz buna hazır olacağıq.
Əlbəttə, biz gərginliyin daha da artmasını istəmirik. Biz sakitliyə çağırış edirik.
Lakin eyni zamanda qeyd etdiyiniz kimi, BƏƏ-nin müdafiə sistemi artıq 137-dən çox ballistik raketi və 200-dən artıq pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Biz gərginliyin azaldılmasına çağırış etməyə davam edirik. Dünyanın müxtəlif ölkələrindəki tərəfdaşlarımızla işləyirik və onlardan həm dəstək, həm koordinasiya, həm də bu hücumların kəskin şəkildə pislənməsi ilə bağlı mesajlar alırıq.
Çünki bu hadisələr artıq daha geniş regional xarakter alıb və Körfəz regionunun digər ölkələrini də bu münaqişəyə cəlb edib.
Becky Anderson:
— Siz gərginliyin azaldılmasına çağırırsınız və diplomatiyanın yeganə çıxış yolu olduğunu bildirirsiniz.
Eyni zamanda BƏƏ və digər Körfəz ölkələri hücumları pisləyib və açıq mesaj veriblər: cavab vermək hüququnu özlərində saxlayırlar.
Bu cavab hansı formada ola bilər?
Rim bint İbrahim əl-Haşimi:
— Bu, vəziyyətdən asılıdır, Beki. Hazırda vəziyyət çox sürətlə dəyişir və çox dinamikdir.
Lakin bu ölkədə yaşayan insanları əmin etmək istəyirəm ki, özümüzü müdafiə etmək üçün bütün mümkün addımları atacağıq və buna hazırıq.
Ümid edirik ki, buna ehtiyac olmayacaq. Lakin eyni zamanda qanunsuz və əsassız hücumların davam etdiyi bir vəziyyətdə də biz sadəcə kənardan baxıb susmayacağıq.
Becky Anderson:
— BƏƏ və regiondakı digər müttəfiqlər əvvəllər ABŞ-nin İrana qarşı əməliyyatları üçün bazalardan istifadə edilməsinə icazə vermirdilər. Bu mövqedən daha aktiv hərbi dəstəyə keçmək ehtimalı varmı?
Rim bint İbrahim əl-Haşimi:
— Bu hadisələr başlamazdan əvvəl biz ərazilərimizin İrana qarşı hücumlar üçün istifadə edilməməsi mövqeyimizi çox aydın şəkildə bildirmişdik.
Biz həmişə dialoqu təşviq etmişik və vəziyyətin bu həddə çatmamasını istəmişik. Çünki regionumuzun yeni bir müharibəyə ehtiyacı yoxdur.
Eyni zamanda, əgər vəziyyət buna gətirib çıxararsa, o zaman bu baş verə bilər. Hazırda isə qərarın necə veriləcəyi əsasən İranın davranışından asılıdır. Çünki BƏƏ ənənəvi olaraq İran üçün ədalətli və yaxşı qonşu olub.
Becky Anderson:
— Ali Dini liderin öldürülməsindən sonra diplomatiya üçün qapı bağlanıbmı?
Rim bint İbrahim əl-Haşimi:
— Diplomatiya üçün qapı heç vaxt bağlanmır.
Biz gərginliyi azaltmaq üçün dialoqu davam etdiririk və region üçün daha təhlükəsiz mexanizmlərin tapılmasına çalışırıq. İran bizim qonşumuzdur və coğrafi baxımdan həmişə də qonşumuz olaraq qalacaq.
Bununla yanaşı, bu prosesin iki tərəfi var. Hazırda isə siz BƏƏ-yə, eləcə də Körfəz regionunun digər ölkələrinə, İordaniyaya və İraqa qarşı raket hücumlarının həyata keçirildiyini görürsünüz.
Bu isə İranın regionda qonşularla əməkdaşlıq etmək istəyən bir dövlət kimi davranmadığını göstərən çox ciddi eskalasiya addımıdır.
Becky Anderson:
— ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, İranda kimin hakimiyyətə gələcəyini dəqiq bilir.
Sizin ölkə daxilində hakimiyyət strukturu ilə bağlı təsəvvürünüz nədir və BƏƏ-nin İranın idarə olunması ilə bağlı mövqeyi necədir?
Rim bint İbrahim əl-Haşimi:
— Biz hər zaman vurğulamışıq ki, bu məsələni İran xalqı özü həll etməlidir.
BƏƏ digər ölkələrin necə idarə olunmasına və ya hansı hökuməti seçməsinə qarışmır.
Biz sadəcə bizimlə və regionumuzla sülh içində yanaşı yaşamaq istəyən dost bir qonşu görmək istəyirik və ümid edirik ki, sonda bu mümkün olacaq.
Becky Anderson:
— ABŞ Prezidenti Donald Trampın mətbuat katibinin sözlərinə görə, o, təxminən 10 saat əvvəl BƏƏ lideri ilə danışıb.
Bu danışıq və Donald Trampın hazırkı mövqeyi barədə nə deyə bilərsiniz?
Rim bint İbrahim əl-Haşimi:
— ABŞ ilə çox güclü strateji münasibətlərimiz var və Prezident Donald Tramp ilə də güclü əlaqələrimiz mövcuddur.
Onlar bizim müttəfiqlərimiz və dostlarımızdır.
Eyni zamanda region ölkələri və digər tərəfdaşlarla da güclü münasibətlərimiz var.
Hazırda əsas məqsədimiz artıq çoxlu müharibələr görmüş bu regionu daha böyük bir münaqişədən qorumaq və çıxış yolu tapmaqdır.
Becky Anderson:
— Sonda BƏƏ-yə edilən hücumların əhəmiyyətini bir daha vurğulamaq istəyirəm.
Burada yaşayan insanlara – vətəndaşlara və sakinlərə mesajınız nədir?
Rim bint İbrahim əl-Haşimi:
— İnsanlara demək istəyirəm ki, onları düşünən və təhlükəsizliyini təmin etmək üçün hər şeyi edən bir rəhbərlik var.
Müdafiə qüvvələrimizə, hüquq-mühafizə orqanlarına, mülki müdafiə xidmətlərinə və polis qüvvələrinə xüsusi təşəkkür etməliyik.
Bəzi yerlərdə qalıq hissələrin düşməsi olub və səslər eşidilib, lakin ümumilikdə vəziyyət digər ağır müharibə bölgələri ilə müqayisədə xeyli təhlükəsizdir.
Biz güclü infrastruktura və bütün sakinlərin təhlükəsizliyini təmin etməyə çalışan rəhbərliyə malik ölkədə yaşayırıq.
Bu təhlükəsizliyin həm vətəndaşlar, həm əcnəbilər, həm də turistlər üçün qorunması üçün bütün mümkün addımlar atılacaq.
Becky Anderson:
— Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Bilirəm ki, çox məşğulsunuz. Bizimlə olduğunuz üçün çox sağ olun.
Rim bint İbrahim əl-Haşimi:
— Təşəkkür edirəm.
“We will leave no stone unturned to make sure that we do defend ourselves,” UAE’s Minister of State for International Cooperation Reem Al Hashimy tells me after an unprecedented wave of attacks by Iran. pic.twitter.com/HunX0Sw0qO
— Becky Anderson (@BeckyCNN) March 1, 2026
tag: BƏƏ,Xamenei,İran,Müsahibə,TodayPress TV,
