Avropaya gedən yol faciəyə çevrildi - Miqrant qayığı su aldı
Liviyadan Krit adasına miqrant daşıyan qayıq su alaraq köməksiz vəziyyətdə qalıb.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində ən azı bir nəfər həlak olub, 20 nəfərin isə itkin düşdüyü ehtimal edilir.
Yunanıstan Sahil Mühafizəsi bildirib ki, Kritdən təxminən 75 kilometr (47 mil) cənubda baş verən hadisə yerindən 51 nəfər xilas edilib.
"Associated Press"in məlumatına görə, Avropa İttifaqının Sərhəd Mühafizəsi Agentliyinin ("Frontex") dəstəyi ilə aparılan axtarış işlərinə patrul katerləri, helikopter, dron və ticarət gəmiləri cəlb olunub.
Qeyd edək ki, digər marşrutlar üzrə miqrantların sayı ümumilikdə azaldığı üçün Şərqi Liviyadan Kritə doğru Aralıq dənizindən keçən təhlükəli marşrut Avropaya qanunsuz miqrasiyanın ən intensiv istiqamətlərindən birinə çevrilib.
Aysel Mətləb