ASELSAN-dan dünyada ilk: “EJDERHA” 51 PUA-nı saniyələr içində sıradan çıxardı
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN pilotsuz uçuş aparatlarına qarşı mübarizədə diqqətçəkən uğura imza atıb.
TodayPress TV xəbər verir ki, şirkətin hazırladığı “EJDERHA” yüksək güclü elektromaqnit PUA müdafiə sistemi eyni anda havaya qaldırılan 51 dronun hamısını saniyələr ərzində zərərsizləşdirib.
Sınaq ASELSAN-ın 51-ci ildönümü münasibətilə Ankaradakı Gölbek Atış və Sınaq Mərkəzində keçirilib. Şirkətin yubileyini simvolizə edən 51 pilotsuz uçuş aparatı eyni vaxtda havaya qaldırılıb və sistem tərəfindən heç bir raket və ya döyüş sursatından istifadə edilmədən sıradan çıxarılıb.
Sınağın ilk mərhələsində isə “EJDERHA” təxminən 1 000 metr məsafədən iki fərqli kabelli dronu zərərsizləşdirib. Bu, sistemin ənənəvi radioelektron mübarizə vasitələrinə qarşı davamlı olan kabelli PUA-lara qarşı da effektivliyini nümayiş etdirib.
Yüksək güclü elektromaqnit dalğaları vasitəsilə dronların elektron sistemlərini sıradan çıxaran “EJDERHA” Türkiyənin çoxqatlı hava hücumundan müdafiə arxitekturası olan “ÇELİKKUBBE”yə inteqrasiya ediləcək.
ASELSAN-ın baş direktoru Ahmet Akyol sistemin 51 dronu raket və sursat istifadə etmədən, bir düymə ilə zərərsizləşdirə bilən dünyada ilk sistem olduğunu bildirib.
Zəhra Məmmədova