Dövlət qulluğuna qəbul qaydası dəyişir
Azərbaycanda dövlət qulluğu üzrə test imtahanından keçən şəxslərə verilən sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir.
TodayPress TV xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.
Məcəlləyə əsasən, inzibati vəzifələr üzrə müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq. Test imtahanları müvafiq qurum tərəfindən rübdə azı bir dəfə təşkil ediləcək.
Test imtahanından uğurla keçən şəxslərə “Dövlət qulluğu sertifikatı” veriləcək. Sertifikatın qüvvədə olduğu hər il ərzində şəxs 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində ödənişsiz iştirak üçün qeydiyyatdan keçə biləcək. Beşdən artıq vəzifə üzrə müsahibədə iştirak isə ödənişli olacaq.
Qeyd edək ki, indiyədək qüvvədə olan qanunvericiliyə əsasən, dövlət qulluğu sertifikatının etibarlılıq müddəti 5 il idi.
Yeni Məcəllə qüvvəyə minənədək verilmiş və etibarlılıq müddəti başa çatmamış sertifikatlar isə qüvvədə olduğu müddət ərzində sahiblərinə müsahibələrdə iştirak hüququ verəcək.