Dövlət qulluğuna girmək istəyənləri yeni imtahan qaydası gözləyir
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə bundan sonra iki mərhələdə keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.
Məcəlləyə əsasən, müsahibədə iştirak üçün qeydiyyatdan keçən və vakant vəzifənin tələblərinə cavab verən namizədlərin sayı 5 nəfərdən çox olduqda, əvvəlcə birinci mərhələ keçiriləcək. Bu mərhələdə namizədlərin vəzifə təlimatına, qulluq funksiyalarına və müsahibə proqramına uyğun səriştələri yoxlanılacaq.
Birinci mərhələdə ən azı 50 faiz nəticə göstərən şəxslər arasından ən yüksək nəticə əldə etmiş 5 namizəd ikinci mərhələyə buraxılacaq. Namizədlərin sayı 5 və ya daha az olduqda isə onlar birbaşa ikinci mərhələdə iştirak edəcəklər.
İkinci mərhələ üç nəfərdən ibarət müsahibə komissiyası tərəfindən keçiriləcək. Komissiyaya müvafiq qurumun bir nümayəndəsi, dövlət orqanının bir nümayəndəsi və bir müstəqil ekspert daxil ediləcək. Bəzi yuxarı vəzifələr üzrə komissiya yalnız müvafiq dövlət orqanının nümayəndələrindən formalaşdırılacaq.
Müsahibənin ikinci mərhələsi namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, fərdi qaydada və dövlət dilində keçiriləcək. Müsahibənin müddəti azı 20 dəqiqə olacaq. Bu mərhələdə namizədin vakant vəzifəyə uyğunluğu və peşəkar səriştələri qiymətləndiriləcək.
Yeni qaydalara görə, üzrlü səbəb olmadan müsabiqənin müsahibə mərhələsində və ya daxili müsahibədə iştirak etməyən şəxslə həmin vakant vəzifə üzrə cari müsabiqə çərçivəsində yenidən müsahibə keçirilməsinə yol verilməyəcək.
Qeyd edək ki, indiyədək qüvvədə olan qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul üzrə müsahibə və daxili müsahibə bir mərhələdən ibarət idi. Yeni Məcəllə ilə bu prosedur iki mərhələyə bölünür.