15 illik mexanizm yenilənir - Dövlət qulluqçularına yeni məhdudiyyət
Azərbaycanda dövlət qulluqçularının rotasiyası ilə bağlı yeni məhdudiyyət müəyyənləşdirilib. Belə ki, dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək.
TodayPress TV xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.
Məcəlləyə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçiriləcək. Bu zaman onların tutduqları vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri, qulluq stajı, yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.
Yeni qaydalara görə, müvafiq inzibati vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya edilməyəcək. Həmçinin bir şəxsin rotasiya sayı 3 dəfədən artıq ola bilməz.
Rotasiyanın əsas məqsədi dövlət orqanlarının kadr potensialından səmərəli istifadə, qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiya risklərinin və maraqlar toqquşmasının qarşısının alınmasıdır.
Qeyd edək ki, hazırda qüvvədə olan “Dövlət qulluqçusunun rotasiyası Qaydası”na əsasən, azı 3 dəfə, ümumilikdə 15 ildən az olmayaraq rotasiya olunan şəxslər yalnız öz razılıqları ilə yenidən rotasiya edilə bilərlər.