AEBA: İranda zərbələrdən sonra radiasiya artımı qeydə alınmayıb

Dünya

02.03.2026 13:57

İsrail və ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə radiasiya səviyyəsində artım qeydə alınmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Rusiyanın təşəbbüsü ilə çağırılan agentliyin İdarəçilər Şurasının xüsusi sessiyasında bildirib.

Qrossinin sözlərinə görə, hazırda İranla həmsərhəd ölkələrdə radiasiya səviyyəsi orta fon göstəricisindən yüksək deyil. Bununla yanaşı, AEBA-nın məlumatına əsasən, İranın nüvə obyektlərinə, o cümlədən Buşehr Atom Elektrik Stansiyasına və Tehran tədqiqat reaktoruna zərbə endirilməsi ilə bağlı təsdiqlənmiş məlumat yoxdur.

AEBA rəhbəri qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı uzunmüddətli həll yalnız diplomatik yolla mümkündür və agentlik istənilən vaxt bu prosesdə öz rolunu oynamağa hazırdır.

O, həmçinin nüvə obyektlərinə hücumların qəbuledilməz olduğunu vurğulayıb və bütün tərəfləri vəziyyətin daha da gərginləşməməsi üçün maksimum təmkin göstərməyə çağırıb.

Bununla belə, AEBA İranın nüvə tənzimləyici qurumu ilə əlaqə yaratmağa çalışsa da, hələlik bu istiqamətdə nəticə əldə olunmayıb.

Qiymət Mahir

tag: AEBA,Atom ,Yaxın Şərq,Rafael Qrossi ,TodayPress TV,