Zahid Oruc: “Süni intellekt üzrə kadr çatışmazlığı var”

Cəmiyyət

11.02.2026 11:35

“Dünyada şirkətlərin 90 faizi süni intellektdən istifadə etsə də, onların 67 faizi hələ də pilot mərhələsindədir”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında deyib.

O bildirib ki, müəssisələrin 62 faizi süni intellekt agentlərini sınaqdan keçirir, lakin yalnız 23 faizi onları kütləvi şəkildə tətbiq edə bilir. Azərbaycanda isə bu göstərici 20 faizə yaxındır.

Millət vəkilinin sözlərinə görə, bunun əsas səbəbi süni intellekt mütəxəssislərinin çatışmazlığıdır.

Zahid Oruc qeyd edib ki, yerli ekspertlər kütləviləşməni artırmaq üçün süni intellekt arxitektura mühəndislərinin hazırlanmasının vacibliyini vurğulayırlar. O əlavə edib ki, dövlətin süni intellekt akademiyası kadr hazırlığını gücləndirməlidir.

Millət vəkili Ulu Öndər Heydər Əliyevin sovet illərində respublikamızdan kənara göndərdiyi minlərlə tələbənin sonrakı illərdə milli həyatın müxtəlif sahələrində qabaqcıl qüvvəyə çevrildiyini xatırladıb.

Onun fikrincə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı” yeni mərhələdə ölkənin texnoloji prioritetlərinə uyğunlaşdırılmalıdır.

Zahid Oruc vurğulayıb ki, xaricə göndərilən tələbələrin əsas istiqamətləri Süni İntellekt və maşın öyrənməsi, data elmi və böyük verilənlər analitikası, kibertəhlükəsizlik və kiber müdafiə, rəqəmsal dövlət idarəçiliyi sistemləri, bulud infrastrukturu və kvant hesablama kimi sahələr ola bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Zahid Oruc,STM,Tədbir,Çıxış,Todaypress.tv,