Zahid Oruc: “Qələbə “üçölçülü fəzada” qazanılıb”

Cəmiyyət

11.02.2026 11:29

“Prezident İlham Əliyevin rəhbərliyi dövründə elmin inkişafına yanaşma Azərbaycanın hərbi və siyasi gücünün formalaşmasında mühüm rol oynayıb”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun STM-lə birgə təşkil etdiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında deyib.

O bildirib ki, Ulu öndərin siyasi kursunun və idarəetmə fəlsəfəsinin varisi kimi Prezident İlham Əliyevin dövründə elmin inkişafına konseptual baxış formalaşıb. Bu siyasət yalnız bilik qazanmaq məqsədi daşımayıb, eyni zamanda xalqın müharibəyə intellektual və ideya-siyasi cəhətdən hazırlanmasını hədəfləyib.

Millət vəkilinin sözlərinə görə, gənclərin xaricdə nüfuzlu ali məktəblərə göndərilməsi də 1970–80-ci illərdə əsası qoyulan strateji xəttin davamı olub.

Zahid Oruc vurğulayıb ki, Prezidentin çıxışı Qələbənin yalnız hərbi əməliyyat meydanlarında deyil, həm də elmi-intellektual müstəvidə qazanıldığını nümayiş etdirir.

“İlham Əliyev Zəfərin, həndəsi dillə desək, “üçölçülü fəzada” əldə olunduğunu göstərdi. Üç ölçü – yeraltı sərvətlər, iqtisadi və enerji ehtiyatlarının elmi idarəçiliyi, müasir neft-qaz texnologiyaları, geologiya və geofizika elmi, beynəlxalq enerji diplomatiyası ölkənin hərbi-siyasi qüvvəsinə çevrildi”, – deyə o qeyd edib.

Qiymət Mahir

TodayPress TV

tag: Zahid Oruc,STM,Tədbir,Çıxış,Todaypress.tv,