Türkiyədə toyuq əti ixracına qadağa: Azərbaycan da oxşar qərar verə bilər?

Cəmiyyət

11.02.2026 14:02

Türkiyə Ticarət Nazirliyi Ramazan ayı ərəfəsində daxili bazarda toyuq ətinin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə ixracı müvəqqəti dayandırıb. 

Bəs Azərbaycanda da oxşar tədbirlərin görülməsi mümkündürmü?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda da süni qiymət artımının qarşısını almaq üçün belə tədbirlərin görülməsi mümkündür:


"Əgər bazarda süni qıtlıq yaradılması və ya qiymətlərin əsassız şəkildə artırılması halları müşahidə olunarsa, hökumət ixracın məhdudlaşdırılması və ya digər tənzimləyici mexanizmlərdən istifadə edə bilər".

Ekspert vurğulayıb ki, Türkiyənin qərarı Azərbaycanda müəyyən narahatlıq yaratsa da, real təsirin məhdud olacağı gözlənilir.

Onun sözlərinə görə, Azərbaycan toyuq ətini əsasən Türkiyədən idxal etmir və hazırda ölkəyə gətirilən məhsullarda Türkiyənin payı olduqca aşağıdır: 

"Əvvəlki illərin statistikasına əsasən, idxal olunan toyuq ətində Türkiyənin payı təxminən 1 faiz civarında olub. Ən böyük təchizatçılar isə Ukrayna (təxminən 37 faiz) və Rusiya (təxminən 31 faiz) olub. Bu səbəbdən Türkiyədə ixracın dayandırılması qərarının Azərbaycanda toyuq ətinin qiymətlərinə birbaşa və ciddi təsir göstərməsi ehtimalı azdır".

İqtisadçının fikrincə, Azərbaycanda toyuq ətinin qiymətinə təsir edən əsas amillər digər ət növlərinin (mal və qoyun əti) qiymət dinamikası, eləcə də daxili istehsalın səviyyəsidir: 

"Toyuq məhsullarının qiyməti daha çox daxili tələb-təklif balansından və yerli istehsalın təminat səviyyəsindən asılıdır. Dünya və regional bazar dinamikası müəyyən dolayı təsirlər yarada bilər. Lakin sırf Türkiyənin ixracı dayandırması fonunda Azərbaycanda toyuq ətinin kəskin və dərhal bahalaşacağı ilə bağlı proqnozlar kifayət qədər əsaslı görünmür", - deyə Akif Nəsirli qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Toyuq,İxrac,Todaypress.tv,