Sədr: "Azərbaycan QHT-ləri WUF13-də ən aktiv tərəfdaşlardan olacaq"

Cəmiyyət

12.02.2026 10:30

"Azərbaycan QHT sektoru son illər beynəlxalq platformalarda fəal iştirak edir".

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə deyib.

O bildirib ki, 2025-ci ilin ən böyük nailiyyətlərindən biri Qlobal Cənub QHT Platformasının yaradılmasıdır: 

"COP29-dan sonra formalaşan bu platforma 137 ölkədən 1023 QHT nümayəndəsinin dəstəyi ilə təsis olunub və baş qərargahının Azərbaycanda yerləşməsi ölkənin vətəndaş cəmiyyəti üçün mühüm uğurdur. Sürətli urbanizasiya, mənzil çatışmazlığı, iqlimə davamlı olmayan infrastruktur və sosial bərabərsizlik kimi çağırışlar fonunda WUF13 yalnız beynəlxalq tədbir deyil, həm də qlobal sosial platformadır".

Agentlik sədri qeyd edib ki, son WUF12 sessiyasında 182 ölkədən 25 146 iştirakçı qatılıb və vətəndaş cəmiyyəti nümayəndələri tədbirlərdə geniş təmsil olunub.

"2026-cı il üzrə qrant müsabiqələri çərçivəsində WUF13 mövzusu xüsusi istiqamət kimi müəyyən edilib və artıq bu sahədə 49 layihə qəbul olunub. Nəticələr 2026-cı ilin birinci rübündə elan ediləcək".

O həmçinin əlavə edib ki, Urban Həftəsi çərçivəsində Agentlik Qlobal Cənub QHT Platforması ilə birgə Baş Assambleyanın keçirilməsini planlaşdırır və Azərbaycan QHT-lərini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aygün Əliyev,WUF13,QHT,Təlim,Todaypress.tv,