Sədr: "2025-ci il dövlətçiliyin möhkəmləndirilməsi baxımından əlamətdar olub"

Cəmiyyət

13.02.2026 14:30

"2025-ci il dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən hadisələrlə yadda qalıb".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında komitənin sədri Bahar Muradova deyib. 

Onun sözlərinə görə, bu nailiyyətlərin əsasında, Prezident İlham Əliyevin qətiyyəti, özünə inamı və Ulu Öndər Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi “Azərbaycanın inkişafının Heydər Əliyev yolu”nun tələb etdiyi istiqamətdə qurulan fəaliyyət dayanır: 

"Ötən il dövlət mənafeyinə zidd fəaliyyətlərə hüquqi müstəvidə adekvat qiymət verilmiş, qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilib. Bu isə bir daha sübut edir ki, Azərbaycan dövləti öz suverenliyini, konstitusion əsaslarını və ictimai sabitliyini, eləcə də Azərbaycan xalqının təhlükəsizliyini qorumaq əzmindədir və bu istiqamətdə heç bir qanunsuz hərəkətə qarşı zəiflik göstərməyəcək, güzəştə getməyəcək".

Komitə sədri əlavə edib ki, 2025-ci ildə beynəlxalq əlaqələrimiz daha da genişlənib.

"Xüsusilə Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyi, yaşıl enerji və regional sabitlik məsələlərini əhatə edən bir sıra sənədlər imzalanıb. Eyni zamanda, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu — “Orta Dəhliz” istiqamətində atılan addımlar Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirib, ölkəmizi Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzinə çevirib".

Bahar Muradova qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə Böyük Qayıdış prosesi davam etmiş, yeni yaşayış məntəqələri salınıb, sosial infrastruktur geniş şəkildə qurulub. Minlərlə ailə öz doğma torpaqlarına, yenidən inşa edilib evlərinə qayıdıb.

Türkan İsgəndərli

tag: Bahar Muradova,İclas,Uşaq,Qadın,Todaypress.tv,