Sabiq əməkdaş ADY-ni biabır etdi: " 231 manata bilet aldım, həmin qatarla ilk və son səfərim oldu"

Sabiq əməkdaş ADY-ni biabır etdi: " 231 manata bilet aldım, həmin qatarla ilk və son səfərim oldu"
08.06.2026 11:17 Cəmiyyət

Bakı–Tbilisi–Bakı marşrutu üzrə yenidən fəaliyyətə başlayan sərnişin qatarı ilə bağlı ilk narazılıqlardan davam edir.

TodayPress TV xəbər verir ki, uzun illər Azərbaycan Dəmir Yollarında çalışmış Rəsul Məmmədov səfər təcrübəsini bölüşərək xidmət səviyyəsi, baqaj qaydaları və qiymət siyasəti ilə bağlı ciddi iradlar səsləndirib.

O bildirib ki, ABŞ-yə planlaşdırdığı səfər zamanı geri dönüş üçün Bakıya uyğun aviabilet tapa bilmədiyindən marşrutunu Tbilisi üzərindən qurub.

"Bakı–Varşava–Los Anceles–Vyana–Tbilisi marşrutu üzrə bilet almışdım. Elə həmin gün mətbuatda Bakı–Tbilisi–Bakı qatarının fəaliyyətə başlayacağı barədə məlumat yayıldı və bu məni çox sevindirdi. Qatar bileti üçün elan olunan qiymət 81 manat idi. Halbuki həmin dövrdə Tbilisi–Bakı aviabileti təxminən 170 avro təşkil edirdi".

Onun sözlərinə görə, qatar biletlərinin satışa çıxarılacağı gün əməkdaşlarından onun üçün bilet almalarını xahiş edib.

"Satışın ilk günü səhər əməkdaşlarım bildirdilər ki, bu marşrut üzrə üç qiymət mövcuddur: Komfort sinfi üçün 104,26 manat, Komfort+ üçün 150,65 manat və Lüks sinif üçün 231,29 manat. Lakin həmin vaxt yalnız Lüks sinifdə yerlər qalmışdı. Biletlərə böyük tələbatı və təyyarə bileti ilə müqayisədə qiyməti nəzərə alaraq, 6 iyun üçün Lüks sinif biletinin alınmasını xahiş etdim".

Sərnişin qeyd edib ki, Lüks sinif üçün ödədiyi məbləği əsaslandıran xidmətlərlə qarşılaşacağını gözləsə də, əksi olub.

“Mənim hesablamama görə təyyarə ilə müqayisədə 109 manat qənaət etmiş olurdum. Üstəlik, eşitdiyimə görə Lüks sinif ayrıca kupe, televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlüklər təqdim etməli idi. Lakin nə qədər yanıldığımı sonradan anladım".

Rəsul Məmmədovun iddiasına görə, əsas narazılıq Tbilisi vağzalında başlayıb. Belə ki, ondan çantasına görə əlavə pul istənilib.

“Tbilisi vağzalının perronuna ayaq basdığım ana qədər hər şey qaydasında idi. Biletimi yoxlayan bələdçi xanım bildirdi ki, Lüks sinifdə səyahət etməyimə baxmayaraq, 6 kiloqram çəkisi olan kiçik çantama görə əlavə 50 manat ödəməliyəm. Məlum oldu ki, ADY qaydalarına əsasən yalnız bir çantanı pulsuz aparmaq olar, ikinci çanta üçün isə 50 manat ödənilməlidir".

O əlavə edib ki, həmin vaxt başqa bir sərnişin çantanı öz adına rəsmiləşdirməyi təklif etsə də, bu mümkün olmayıb.

"Yanımda duran bir gənc baqajsız səyahət etdiyini və çantamı öz adına rəsmiləşdirə biləcəyini söylədi. Lakin bələdçi xanım buna o qədər sərt reaksiya verdi ki, bütün izahlar və xahişlər nəticəsiz qaldı. Cavab yalnız bir idi: "50 manat ödəməlisiniz". Mübahisədən qaçmaq və tərbiyəmə uyğun davranmaq üçün həmin məbləği ödəməyə məcbur oldum. Kupeyə daxil olduqda anladım ki, "Lüks" bileti heç də lüks şərait demək deyil. Kupedə artıq ikinci sərnişin də əyləşmişdi. Məlum oldu ki, "Lüks" bilet sadəcə iki nəfərlik kupeyə verilən yerdir. Yaxşı, bunu da qəbul etdim".

Sərnişin qatar daxilində təqdim olunan xidmətlərin də gözləntilərini qarşılamadığını deyib.

"Qatar hərəkətə başlayandan sonra, əvvəllər olduğu kimi, bələdçidən bir stəkan çay istədim. O isə çay təqdim etmədiyini və nəsə istədiyim halda restoran vaqonuna getməli olduğumu bildirdi. Lüks sinifdə qidalanma barədə sual verdikdə isə mənə sanki xalq düşməninə baxırmış kimi baxdı və yenə restoran vaqonuna yönləndirdi. Restoran vaqonunda iki ofisiant və mətbəxdə bir gənc qız çalışırdı. Menyuya baxanda özümü bir anlıq məşhur otelinin restoranında hiss etdim. Düşünürəm ki, orada yemək belə daha ucuz başa gələrdi. Üstəlik, mətbəxdə yalnız bir nəfər işlədiyi üçün sifarişimi təxminən bir saat yarımdan sonra ala bildim".

Onun hesabınca, qatar səfəri nəticəsində əldə etdiyi qənaət gözlədiyindən xeyli az olub.

"109 manat qənaət etmək və keçmiş xatirələri yenidən yaşamaq istəyərkən, əlavə baqaj ödənişi və şam yeməyini nəzərə aldıqda cəmi 20 manat qənaət etmiş oldum. Bunun müqabilində böyük məyusluq yaşadım və həyatımın 10 saatını itirdim. İşləməyən internet, kupedəki istilik və işləməyən televizor barədə də çox şey danışa bilərəm. Amma bunun nə mənası var? Bu, həmin qatarla ilk və son səfərim oldu. Sizə də tövsiyə etmirəm. Təyyarə ilə uçmaq daha məqsədəuyğundur.

Çox təəssüf ki, belə köklü və hörmətli dövlət şirkətinin rəhbərliyində sərnişin xidmətlərini lazımi səviyyədə təşkil edə bilməyən peşəkar olmayan şəxslər dayanırlar".

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı Azərbaycan Dəmir Yollarının mövqeyi hələlik açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər