Azərbaycanın daxili işlərinə qarışmaq həddini sizə kim verib?!
Celal Çiftçi əvvəlki çıxışlarına görə üzr istəsə də, yenidən Azərbaycanla bağlı mübahisəli açıqlamaları ilə gündəmə gəlir. Üzrün ardınca eyni ritorikanı davam etdirmək hansı məqsədə xidmət edir? Ölkəmizin daxili işlərinə qarışmaq və cəmiyyətdə dini zəmində qarşıdurma yaratmağa yönələn çağırışlar qəbuledilməzdir.
Azərbaycanda hicab qadağası yoxdur! Təhsil sistemində dünyəvilik prinsipi isə dövlətimizin hüququ və seçimidir. Olmayan bir qadağa üzərindən dini müzakirələri qızışdırmaq, cəmiyyəti qarşıdurmaya sürükləyə biləcək çağırışlar etmək və ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışmaq hansı məntiqə sığır?
Azərbaycan nə Türkiyənin, nə də İranın ideoloji təsir dairəsidir. Heç bir xarici jurnalistə ölkəmizin təhsil siyasətinə istiqamət vermək, milli maraqlarımızı hədəfə almaq haqqı verilməyib.
Üstəlik, Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Celal Çiftçi dövlət hakimiyyətini zorla ələ keçirməyə çağırışlarla bağlı cinayət işi çərçivəsində beynəlxalq axtarışa verilib.
Azərbaycanın suverenliyi müzakirə mövzusu deyil! Ölkəmizə dərs keçmək, daxili işlərimizə qarışmaq və cəmiyyətimizdə qarşıdurma yaratmaq istəyənlər bunu birdəfəlik anlamalıdırlar!
Emin Məmməd