Öz ordusuna qarşı çıxdı: Rusiyalı zabit yüzlərlə hərbçinin ölümünə necə yol açdı? - DETALLAR
Rusiya ordusunda xidmət etmiş keçmiş leytenant Lev Stupnikov Ukrayna kəşfiyyatına ötürdüyü məlumatlarla 300-dən çox rusiyalı hərbçinin ölümünə səbəb olan hücumlara yardım edib.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Stupnikov 2024-cü ilin fevralından etibarən Ukrayna kəşfiyyatına Rusiya hərbi bölmələrinin yerləşdiyi ərazilərin dəqiq koordinatlarını, komanda məntəqələrinin sxemlərini, istifadə olunan radio tezliklərini və əməliyyat sənədlərini ötürüb. O, Donetsk vilayətində, Uqledar istiqamətində yerləşən 36-cı motoatıcı briqadanın rabitə xidmətinin rəisi vəzifəsində çalışıb.
Onun Ukrayna Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlığının ən səs-küylü epizodlarından biri 2024-cü ilin fevralında Donetsk vilayətindəki hərbi poliqona endirilən zərbə olub. Hücum nəticəsində briqada komandiri, polkovnik Hüseyn Musayev də daxil olmaqla 68 nəfər həlak olub, daha 60 nəfər yaralanıb.
Məlumata görə, Stupnikov təkcə məxfi məlumatları ötürməklə kifayətlənməyib. O, Rusiya tərəfinin müşahidə sistemlərinin və pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin fəaliyyətini də müvəqqəti olaraq bloklayıb.
Leytenantın Ukrayna kəşfiyyatı ilə əlaqə qurmasına müharibəyə qarşı çıxan anası Tatyana Yantsen kömək edib. Bir neçə ay sonra Rusiya rəhbərliyi məlumat sızmasından şübhələnməyə başlayıb. Bundan sonra Stupnikov iyulun 6-na keçən gecə cəbhə xəttini keçərək Ukrayna tərəfinə qoşulub.
O, Ukrayna xüsusi xidmət orqanlarına giriş imkanları olan cihazlar təhvil verib. Bunun sayəsində Ukrayna tərəfi Rusiya kameralarından və pilotsuz uçuş aparatlarından görüntülər əldə etməyə davam edib.
Daha sonra keçmiş rusiyalı zabit Rusiya Könüllülər Korpusuna (RDK) qoşulub. Onun anası və bacısı Rusiyanı tərk edib. Ölkədə qalan həyat yoldaşı isə onun hərəkətlərini açıq şəkildə pisləyib.
Kübra Musayeva