İsrailin müdafiə naziri “fəxrlə” danışdı: “Qəzzanın 80 faizini dağıtmışıq”
İsrailin müdafiə naziri İsrael Kats Qəzza zolağında ərazinin 70-80 faizinin dağıdıldığını, Livanın cənubunda isə 60-dan çox kəndin yerlə-yeksan edildiyini bildirib.
TodayPress TV xəbər verir ki, Kats əldə etdikləri nəticələri yüksək qiymətləndirərək Qəzza zolağında qarşıya qoyulan məqsədlərə nail olduqlarını iddia edib.
Nazirin sözlərinə görə, Livanın cənubunda ümumi sahəsi 700 kvadratkilometr olan ərazidə 60-dan çox kənd dağıdılıb. O, 23 min evin tamamilə məhv edildiyini, yeraltı tunellərin də dağıdıldığını bildirib.
Kats həmin ərazilərdə sakinlərin qalmadığını, təxminən 200 min nəfərin ərazidən kənarda olduğunu qeyd edib. O, bu yanaşmanın Qəzza zolağında tətbiq edilən modelə bənzədiyini vurğulayıb.
İsrailin müdafiə naziri həmçinin hər hansı Fələstin şəhərindən terror təhlükəsi yaranacağı təqdirdə sakinlərin təxliyə ediləcəyini və Qəzzada olduğu kimi tədbirlər görüləcəyini deyib.
Kats İsrailin fəaliyyətinin bütün dünyada hörmətlə qarşılandığını iddia edib. Onun sözlərinə görə, region ölkələri bunu açıq şəkildə bildirməsələr də, İsrailə yaxınlaşmağa çalışır və ölkənin qətiyyətini yüksək qiymətləndirirlər.
Kübra Musayeva