Avropanın iki ölkəsi Ukraynaya krediti RƏDD ETDİ
Slovakiya 2027-ci ildə Ukraynaya verilməsi planlaşdırılan 70 milyard avro məbləğində yeni kreditin maliyyələşdirilməsinə qoşulmaqdan imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) sammitinin yekunları ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Macarıstan da eyni mövqedədir.
Fitso Ukraynanın Avropa İttifaqından əlavə 70 milyard avro vəsait istədiyini qeyd edib. Bununla yanaşı, Aİ daha əvvəl 2026–2027-ci illər üçün Kiyevə 90 milyard avro kredit ayrılmasını razılaşdırıb.
Slovakiya hökumətinin başçısı Ukraynaya maliyyə yardımının Aİ-nin 2028–2034-cü illər üçün növbəti büdcəsi ilə bağlı danışıqlara bağlanmasını da “təhlükəli” adlandırıb.
O bildirib ki, Slovakiya Ukraynaya təhsil, yol infrastrukturu və energetika sahələrində dəstək göstərməyə hazırdır. Lakin bu yardım yeni kreditlər vasitəsilə həyata keçirilməməlidir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə çıxışı zamanı müharibənin gələn il ölkəsinə 155 milyard avroya başa gələcəyini bildirib və Avropa ölkələrini əlavə maliyyə vəsaiti tapmağa çağırıb.
Kübra Musayeva