Rusiyaya sanksiya, qazına isə milyardlar: Avropanın ziddiyyətli addımı
Avropa Rusiya qazından imtina vədlərinə baxmayaraq, bu ölkədən mayeləşdirilmiş təbii qaz (LNG) alışını artırıb.
TodayPress TV xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, Avropa İttifaqı ölkələri yanvar-sentyabr aylarında Rusiyadan 12,18 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur. İdxalın ümumi dəyəri 7,88 milyard avro təşkil edib. Tədarükün təxminən dörddə üçü Fransa limanlarının payına düşüb.
Fransa, İspaniya, Belçika və Niderland Rusiyadan mayeləşdirilmiş qaz almağa davam edir. Boru kəmərləri ilə qaz isə Macarıstan, Slovakiya və Yunanıstana çatdırılır.
Bununla belə, Rusiyanın Aİ-nin qaz idxalındakı payı müharibədən əvvəlki 45%-dən 12%-ə düşüb.
ABŞ Prezidenti Donald Tramp isə Avropanı ikili standartlarda ittiham edib. O, Avropanın Rusiyadan enerji daşıyıcıları almasını xatırladaraq, Vaşinqtonun Moskva ilə dizel yanacağına dair razılaşmasının tənqid olunmasına münasibət bildirib.
Avropa İttifaqı 2027-ci ilin sentyabrınadək Rusiya qazından tamamilə imtina etməyi planlaşdırır. Lakin analitiklər yüksək qiymətlər və qaz ehtiyatlarının aşağı səviyyədə olması səbəbindən bu hədəfin vaxtında reallaşacağına şübhə ilə yanaşırlar.
Kübra Musayeva