“Əsarət qarşısında baş əyməyən xalq!” - Türk dərin dövlətindən Azərbaycana MESAJ

“Əsarət qarşısında baş əyməyən xalq!” - Türk dərin dövlətindən Azərbaycana MESAJ
17.10.2026 20:56 Gündəm

MHP sədri Dövlət Baxçalı Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.

TodayPress TV xəbər verir ki, Baxçalı 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın suverenliyini və azadlığını bütün dünyaya bir daha bəyan etdiyini bildirib. O, ölkənin müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycan xalqını səmimi hisslərlə təbrik edib.

Baxçalı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpası təkcə bir dövlətin yenidən doğuluşu deyil, həm də əsarətlə barışmayan və qarşısında baş əyməyən xalqın qürurlu mövqeyinin ifadəsidir.

O, 2020-ci ildə əldə edilən Qarabağ Zəfərinin Azərbaycanın milli müstəqilliyinə yeni məna və güc qazandırdığını vurğulayıb.

MHP sədri “Bir dəfə yüksələn bayraq bir daha enməz!” ifadəsinin Azərbaycanın müstəqillik düşüncəsinin mahiyyətini əks etdirdiyini bildirib. O, Türkiyənin Azərbaycana münasibətini “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri ilə ifadə edib.

Baxçalı vurğulayıb ki, Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” anlayışı ilə bütün çətinliklərə qarşı birlikdə mübarizə aparıb və ortaq mövqe sərgiləyib. Onun sözlərinə görə, iki ölkənin gələcək yolunu da eyni duyğu və düşüncələr müəyyənləşdirəcək və bu birlikdən geri dönüş olmayacaq.

“Azərbaycan və Türkiyə hansı məsələdə olursa-olsun, bir-birindən ayrılmaz bütövdür. Biz eyni soydan olan bir ananın iki oğluyuq. Əzəldən əbədə dinimiz, dilimiz, sevgimiz və yolumuz birdir. Sevdamız da, mübarizəmiz də birdir”, – deyə Baxçalı bildirib.

O, paylaşımının sonunda Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə bir daha təbrik edərək səmimi salamlarını və sevgilərini çatdırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər