Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür?

Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür?
04.06.2026 16:35 Cəmiyyət

Son günlər Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının böyük hissəsinin idxalına məhdudiyyət qoymağa başlayıb. Bu da İrəvanın ixrac imkanları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. 

Belə bir vəziyyətdə Ermənistan ixracını Azərbaycan bazarına və ya Azərbaycan üzərindən regional bazarlara yönəldə bilər?

Siyasi ekspert Abutalıb Səmədov mövzu ilə bağlı TodayPress TV-yə deyib ki, Ermənistanın qısa müddətdə Rusiya bazarını əvəz edəcək alternativ istiqamət tapması olduqca çətindir.


Onun sözlərinə görə, Kremlin aprel ayında keçirilən görüşündə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın ötən il Rusiyaya 1,2 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac etdiyini xatırladıb.

"Həmin görüşdən sonra may və iyun aylarında bu məhsulların böyük əksəriyyətinə qadağa qoyuldu. Ermənistanın Baş naziri Paşinyan bəyan etdi ki, dəyən ziyanı hökumət ödəyəcək və ya məhsullar Avropa bazarına çıxarılacaq. Ancaq mütəxəssislər yaxşı bilirlər ki, qısa müddətdə bu məhsullara bazar tapmaq çox çətindir. Avropa bazarına çıxarmaq isə demək olar ki, qeyri-mümkündür".

Politoloqun fikrincə, Ermənistanın məhsullarını Azərbaycan bazarına yönəltməsi də genişmiqyaslı həll yolu sayıla bilməz:

"Azərbaycan özü Rusiyaya xeyli kənd təsərrüfatı məhsulları ixrac edir. Ermənistandan məhsul alınması müəyyən hallarda qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər. Ancaq bu, olsa-olsa cüzi həcmdə idxal ola bilər. Məsələn, ərik və ya alkoqollu içkilərlə bağlı müəyyən müzakirələr aparıla bilər".

O vurğulayıb ki, yaxın perspektivdə Ermənistan kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarına geniş şəkildə daxil olması real görünmür:

"Azərbaycan bazarına Ermənistanın kənd təsərrüfatı məhsullarının genişmiqyaslı müdaxiləsi qeyri-mümkündür, ən azı yaxın zamanlarda. Bu məhsullar uzun müddət saxlanıla bilən məhsullar deyil. Ermənistan sürətlə çıxış yolu axtarmaq məcburiyyətindədir, amma bu çıxış yolunu tapmaq çox çətindir".

Şərhçinin qənaətincə, qadağa tətbiq edilən məhsulların yalnız kiçik hissəsini alternativ bazarlara yönəltmək mümkün ola bilər. Abutalıb Səmədov sonda qeyd edib ki, qadağa qoyulan məhsulların böyük hissəsi Ermənistanda qala bilər və Paşinyan onların dəyərini ödəmək məcburiyyətində olacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər