Parlamentari: “Hüquqşünasdan çox süni intellekt mühəndisinə ehtiyacımız var”

Cəmiyyət

11.02.2026 11:45

“Rusiya–Qərb qarşıdurması fonunda texnologiya embarqo, sanksiya mexanizmi və kiber silaha çevrilib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan öz data arxitekturasını və alqoritmik müstəqilliyini qurarsa, gələcəkdə rəqəmsal asılılığa düşməyəcək:

“Xaricdə təhsil proqramı kadr ixracı deyil, milli texnoloji təhlükəsizlik layihəsi kimi idarə olunmalıdır. Ölkənin ehtiyacı hazırda hüquqşünas və ya iqtisadçılardan daha çox süni intellekt mühəndisi, data analitiki və kibertəhlükəsizlik mütəxəssisidir. Elmdə və rəqəmsal sistemlərdə “xüsusi təyinatlı” kadrlar formalaşdırılarsa, Qələbə gələcəyin rəqabətində də qoruna bilər. Xaricə göndərilən hər bir tələbə Azərbaycanın texnoloji suverenliyinin strateji investisiyası kimi qiymətləndirilməlidir”.

O əlavə edib ki, Cənubi Qafqaz regionunda süni intellekt sahəsində regional rəqabət və əməkdaşlıq mühiti Azərbaycanın mövqeyinin düzgün müəyyənləşdirilməsini zəruri edir:

“Dünyada başlanan “beşinci dalğa” – süni intellekt yalnız texnoloji yenilik deyil, iqtisadi gücün, milli təhlükəsizliyin, dövlət idarəçiliyinin və geosiyasi təsirin yeni ölçüsüdür. XXI əsrdə dövlətlərin gücü təkcə ərazi və resurslarla deyil, məlumat, alqoritm və qərarvermə sürəti ilə müəyyənləşir. Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan eyni coğrafiyada yerləşsələr də, süni intellekt sahəsində fərqli strategiyalar və siyasi seçimlər nümayiş etdirirlər. Azərbaycan sistemli və hüquqi çərçivəyə əsaslanan yol seçib. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsi dövlətin bu sahəni texnoloji trend deyil, milli inkişaf aləti kimi dəyərləndirdiyini göstərir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müasir dünyada dövlətlərin gücü yalnız resurslarla deyil, texnologiya, innovasiya və bilik iqtisadiyyatı ilə müəyyən olunur. O əlavə edib ki, rəqəmsal transformasiya və süni intellekt dövlət idarəçiliyinin, milli təhlükəsizliyin və gənc nəslin gələcəyinin ayrılmaz hissəsidir:

“Azərbaycan “öncə strategiya, sonra texnologiya” prinsipi ilə hərəkət edir və bu yanaşma süni intellektdə “beyin suverenliyi” ideyasını ifadə edir. Ərazi bütövlüyünü və siyasi suverenliyini təmin edən ölkə qarşısına indi texnoloji suverenlik hədəfini qoyub”.

Qiymət Mahir

TodayPress TV

tag: Zahid Oruc,STM,Tədbir,Çıxış,Todaypress.tv,