Millət vəkili: “Süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir”

Cəmiyyət

11.02.2026 11:27

“On il bundan əvvəl haqqında heçnə danışılmayan süni intellekt bu gün ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial Tədqiqatlar Mərkəzi ilə birgə təşkil etdiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında deyib.

O bildirib ki, Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illiyində çıxışı zamanı Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirərək süni intellekti əsas istiqamət kimi göstərib:

“Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz geri qalmamalıyıq. Dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in arxasınca gedirik. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.

Zahid Oruc qeyd edib ki, dövlət başçısının elmə verdiyi qiymət, tədqiqatçılardan gözləntilər və süni intellektlə bağlı prioritetlər Azərbaycan elmi ictimaiyyəti üçün strateji yol xəritəsidir.

Parlamentari 90-cı illərdə Azərbaycanın məğlubiyyət səbəblərinə də toxunaraq bildirib ki, həmin dövrdə alimlər vahid qüvvəyə çevrilə bilməmiş, elmi səfərbərlik zəif olmuşdu. Onun sözlərinə görə, elmi səfərbərlik yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı:

“Heydər Əliyev elmi müstəqil dövlət quruculuğunun əsas dayağı, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi və siyasi təhlükəsizliyin qarantı kimi dəyərləndirirdi. 1993-cü il sentyabrın 21-də Akademiyaya gəlişi də bu baxışın təzahürü idi. Sovetlərin süqutundan sonra Azərbaycan elmi ağır vəziyyətə düşmüş, institutlar zəifləmış, strateji biliklərin müdafiə sisteminə inteqrasiyası təmin olunmamışdı”.

Millət vəkilinin sözlərinə görə, son 30 illik dövlətçilik kursu çərçivəsində elmin müdafiə qabiliyyətinə çevrilməsi, xüsusilə tarix, hüquq və informasiya sahəsində gücün artması düşmənə təsirli zərbələr vurmağa imkan verib.

Qiymət Mahir

TodayPress TV

tag: Zahid Oruc,STM,Tədbir,Çıxış,Todaypress.tv,