Millət vəkili: “Strateji Xartiya rəqəmsal sülhə yönəlib”

Cəmiyyət

11.02.2026 11:50

“Azərbaycan tarixində heç vaxt indiki qədər milli bütövlük olmayıb və ölkə 21-ci əsrin müharibəsini Qərb və modern texnologiyalarla aparıb”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında çıxışı zamanı deyib. 

O bildirib ki, hazırda müharibə mərhələsindən sülh erasına keçid başlayır və bu mərhələdə rəqəmsal strategiyalar xüsusi əhəmiyyət daşıyır.

Millət vəkilinin sözlərinə görə, ABŞ ilə imzalanan Strateji Xartiyanın mühüm müddəaları məhz rəqəmsal sülh strategiyası ilə bağlıdır:

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Prezident İlham Əliyevin tarixi liderliyinə xüsusi ehtiramını ifadə etdi. Bir vaxtlar Azərbaycanı İslam fundamentalizmi ilə ittiham edən və Qarabağın Ermənistana verilməsini tələb edən ABŞ liderlərindən fərqli olaraq, Prezident Donald Tramp 8 avqustda Ağ Ev Zirvəsində Azərbaycanın hərbi Qələbəsinin legitimliyini tanıdı”.

Millət vəkili əlavə edib ki, TRIPP layihəsinin gerçəkləşməsi Naxçıvanı Ana Torpaqla birləşdirəcək və dövlətin bütövlüyünü yeni zirvəyə çatdıracaq. Onun sözlərinə görə, Strateji Xartiyada Süni İntellektlə bağlı fəsil və “maneəsiz bağlantı” müddəaları da TRIPP-in ayrılmaz tərkib hissəsidir.

Zahid Oruc bildirib ki, Cənubi Qafqazda sülh Azərbaycan və ABŞ-nin birgə təhlükəsizlik arxitekturasıdır və bu səbəbdən qlobal texnoloji trendlərə daha sürətlə uyğunlaşmaq tələb olunur.

Qiymət Mahir

TodayPress TV

tag: Zahid Oruc,STM,Tədbir,Çıxış,Todaypress.tv,