Mədəsi yuyulan uşaq NİYƏ ölüb? – AÇIQLAMA

Cəmiyyət

13.02.2026 14:16

"İlkin ehtimallar arasında tibbi müdaxilənin birbaşa ölümə səbəb olması inandırıcı görünmür".

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu fikirləri xəstəxanada mədəsi yuyulduqdan sonra evə buraxılan və daha sonra həyatını itirən uşaqla bağlı TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, hadisə ciddi tibbi araşdırma tələb edir və mövcud məlumatlar əsasında ölüm səbəbi barədə qəti fikir söyləmək mümkün deyil:  

“Bu məsələyə birmənalı cavab vermək çətindir. Düşünmürəm ki, burada yatrogen, yəni tibbi müdaxilə nəticəsində yaranan bir fəsad baş verib. Belə hal olsa belə, adətən dərhal ölümə gətirib çıxarmır”.

Həkimin fikrincə, hadisənin əsas ehtimal olunan səbəblərindən biri zəhərlənmə və ya toksiki təsir ola bilər: 

"Uşağın orqanizmində hər hansı toksiki maddənin mövcudluğu ölüm riskini artırmış ola bilər. Belə hallarda ən vacib mərhələ meyitin təşrihi və tibbi ekspertizanın aparılmasıdır. Bu cür ölüm hallarında meyit mütləq müayinə olunmalı, ölümün birbaşa səbəbi araşdırılmalıdır. Ekspertiza keçirilmədən “niyə öldü?” sualına dəqiq cavab vermək mümkün deyil".

Professor vurğulayıb ki, xəstəxanada tətbiq edilən mədə yuyulması proseduru tibbdə geniş istifadə olunan standart müdaxilədir və onun birbaşa ölümə səbəb olması real görünmür. Bu prosedur adətən zəhərlənmə şübhəsi və ya ağır mədə-bağırsaq pozuntuları zamanı həyata keçirilir.

"Hadisənin obyektiv qiymətləndirilməsi üçün bütün tibbi sənədlər araşdırılmalı, laborator analizlər aparılmalı və yalnız bundan sonra yekun tibbi rəy açıqlanmalıdır. Bir insan həyatını itirib və səbəb mütləq dəqiq müəyyən edilməlidir. Yalnız ekspertiza nəticələri hadisənin əsl səbəbini ortaya qoya bilər", – deyə Adil Qeybulla fikrini tamamlayıb.

Qeyd edək ki, Sabirabad rayonunun Saraxanbəyli kəndində yaşayan bir ailənin dörd üzvü qida zəhərlənməsi şübhəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Tibbi müdaxilə olunaraq mədələri yuyulduqdan sonra ambulator müalicə üçün evə buraxılan ailə üzvlərindən biri, 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun səhhəti qəfil pisləşib. Tibb müəssisəsindən verilən açıqlamaya görə, təkrar xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü təsdiqlənib.

İlkin versiyaya görə, ailə üzvlərinin halının pisləşməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulunun qəbulu olub. Hazırda baş vermiş faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Adil Qeybulla,Professor,Uşaq,Ölüm,Todaypress.tv,