İsti hava ictimai nəqliyyatda riski artırdı - Sərnişinlərə xəbərdarlıq
İctimai nəqliyyatda, xüsusilə yay aylarında qatar və avtobuslarda sərnişinlərin halının pisləşməsi, başgicəllənmə və huşun itirilməsi halları artıb. Havalar isindikcə bu cür vəziyyətlər daha çox müşahidə olunur və bu da həm sərnişinlər, həm də mütəxəssislər arasında narahatlıq yaradır.
Məsələ ilə bağlı həkim-terapevt Etibar Süleymanov TodayPress TV-yə bildirib ki, əsas səbəb isti hava, sıxlıq və havalandırmanın zəif olmasıdır.

Onun sözlərinə görə, belə şəraitdə orqanizmdə istilik vurması, oksigen çatışmazlığı və ümumi halsızlıq yaranır ki, bu da huş itirməyə qədər gedib çıxa bilər:
"İnsanların çox olduğu, sıxlıq olan yerlərdə hava da isti olarsa, istilik vurması halları baş verə bilər. Bu isə başgicəllənmə, halsızlıq, ürəkbulanma kimi əlamətlərə, hətta huşun itirilməsinə səbəb ola bilər. Bəzi insanlarda fobiyalar, qorxular, qapalı və sıx məkan qorxusu kimi problemlər olur. Belə hallarda sıxlıq və havasızlıq hissi panikanı artırır və bu da huşunu itirməyə qədər gedə bilər".
Həkim həmçinin vurğulayıb ki, əsas risk faktoru məhz sıx və havasız mühitdir:
"Qapalı və çox adam olan yerlərdə hava çatışmazlığı hissi yarana bilər və bu da qısa müddətli huş itirmələrinə səbəb olur. Bu kimi halların qarşısını almağın ən effektiv yolu riskli şəraitdən mümkün qədər uzaq durmaqdır. Əgər mümkündürsə, piyada getmək və ya daha rahat nəqliyyat vasitələrindən istifadə etmək daha doğrudur. İlkin simptomlar hiss olunduqda vəziyyəti dərman və ya ani müdaxilə ilə tam nəzarətə almaq çox vaxt mümkün olmur, buna görə də profilaktika daha vacib hesab edilir".
Sonda Etibar Süleymanov xəbərdarlıq edib ki, belə hallara meyilli insanlar əvvəlcədən öz vəziyyətini nəzərə almalı və sıxlıq olan yerlərdən mümkün qədər çəkinməlidirlər.
Türkan İsgəndərli