İlandağda tapılan Urartu yazısı inqilaba səbəb oldu - Ermənilər babasız qaldı
Naxçıvanda İlandağ yazısının yerinin aşkarlanmasından sonra yaranan müxtəlif fikirlər, xüsusilə Naxçıvanın Urartunun tərkibində olması barədə irəli sürülən iddialar elmi dairələrin və ictimaiyyətin diqqət mərkəzindədir.
TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı yaranan suallara, təkziblərə və tarixi faktlara tanınmış arxeoloq, professor Vəli Baxşəliyev aydınlıq gətirib.
![]()
O, sosial şəbəkələrdə yayılan fərqli şərhlərə toxunaraq, abidənin elmi çəkisini və oxunma tarixçəsini diqqətə çatdırıb:
"Bəziləri bu yazının Urartu yazısı olmadığını, bəziləri isə bu yazının yanlış oxunduğunu, bəziləri isə Naxçıvanın Urartunun tərkibində olduğunu yazıblar. Bu yazı tanınmış İtalyan şərqşünası Mirjo Salvini tərəfindən oxunub. İtalyan alim tərəfindən oxunan həmin mixi yazılı mətnin dəqiq məzmununu ilk dəfə olaraq geniş şəkildə təqdim edib. Kitabədə Urartu hökmdarlarının dilindən qələbə və qurbanvermə ritualları belə nəql olunur. Yazının məzmunu belədir: "İlahi Haldinin əzəməti ilə İşpuini, Sardurinin oğlu (və) Meniua, İşpuinin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər. İş ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayanianu şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar. Pluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar (və) əmr verdilər: Puluadi ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin".
Naxçıvan ərazisindəki yeganə mixi yazının İlandağda olmadığını vurğulayan arxeoloq, digər tapıntılardan və acınacaqlı şəkildə məhv edilən abidələrdən də söz açıb:
"Naxçıvanda İlandağ yazısından başqa Batabat yaylağında, qaya məzar üzərində vaxtilə yazı olub, lakin indiyədək qalmayıb, dağıdılıb. Arxeoloji tədqiqatlar zamanı, Naxçıvanda Oğlanqalada üzərində mixi yazılar olan qablar da aşkar olunub. Oğlanqalada aparılan araşdırmalar Naxçıvanda Urartu yazılarından fərqli mixi yazıdan istifadə olunduğunu göstərir".
Professor xüsusilə vurğulayıb ki, yazılı qaynaqların və arxeoloji qazıntıların dərindən təhlili Naxçıvanın Urartu tərəfindən işğal edilməsi iddialarını tamamilə alt-üst edir. Onun sözlərinə görə, bölgə çətin döyüşlərə baxmayaraq öz müstəqilliyini qoruyub saxlaya bilib:
"Arxeoloji abidələrimizin araşdırılması Urartuların hücumu zamanı Naxçıvanda Etiuni tayfalarının məskən saldığını və hücumlara baxmayaraq bu ərazilərin Urartular tərəfindən işğal olunmadığını göstərir. Urartu hökmdarı II Argistinin Naxçıvan yaxınlığındakı Sisian kitabəsində deyilir: "Etiuni Ülkəsinin kralı yanıma gəldi və ölkəsinin vergisini mənə verdi..." Bu isə Etiunilərin müstəqilliklərini qoruduğunu göstərir. Naxçıvanda Urartulara aid mədəniyyət indiyədək tapılmayıb. Uraru ilə həmdövr olan Naxçıvan qalaları inşa texnikasına görə Urartu memarlığından tamamilə fərqlənir".
Vəli Baxşəliyev, dövrün ən çox manipulyasiya edilən mövzularından birinə - Urartu dilinin linqvistik mənsubiyyətinə də aydınlıq gətirib və erməni iddialarını elmi şəkildə rədd edib:
"Onu da əlavə edim ki, tədqiqatçılar Şumer və Urartu dilinin iltisaqi dillər qrupuna aid olduğunu yazmışlar. Türk dilləri də bu qrupa aiddir. Lakin Urartu dilinin hurrit və qafqaz dillərinə aid olması ilə də bağlı fikirlər var. Urartu dilinin hind-avropalılar, o cümlədən erməni dili ilə heç bir əlaqəsi yoxdur".
Türkan İsgəndərli