Gömrükdə qaydalar dəyişir: Onlayn sifariş verənləri nə gözləyir?
Cəmiyyət
09.02.2026 16:30
"Dövlət Gömrük Komitəsinin (DGK) “Smart Customs” saytı və mobil tətbiqi ilə bağlı yeni qərarı müəyyən çətinliklər yarada bilər".
Bu fikirləri iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər müəyyən məhdudiyyətlər yarada bilər, lakin onlayn sifarişlərin qarşısını tam şəkildə alacağı gözlənilmir:
"Bu məsələdə çətinliklərin olması ehtimalı var. Amma daha çox bu sahə ilə məşğul olan, onlayn sifarişlərlə məşğul olan gənclər və orta nəsil olduğundan, onlar SİMA-nı yükləyərək bu prosesi həyata keçirməkdə ciddi problem yaşamayacaqlar".
İqtisadçı əlavə edib ki, əsas mövzu qərarın məntiqi əsaslandırılması ilə bağlıdır:
"Sadəcə məntiqi anlamaq çətindir. Qərarı verən qurumlar izah etməlidirlər ki, bu dəyişiklik niyə edildi. Çünki bu müəyyən çətinliklər və məhdudiyyətlər yarada bilər. Düşünmürəm ki, bu onlayn sifarişlərin tamamilə qarşısını ala bilər. İnsanlar buna tez öyrəşəcəklər".
Qeyd edək ki, DGK-nın açıqlamasına əsasən, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən vətəndaşlar elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər. Yeni qaydalara görə, bu xidmətlərdən yalnız ASAN İmza, SİMA və ya myGov/QR vasitəsilə istifadə mümkün olacaq.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,Smart Customs,SİMA,Todaypress.tv,
